İEA: Qeyri-OPEC ölkələri Azərbaycan, Qazaxıstan və Oman sayəsində öhdəliyi 151% yerinə yetirib

  • 15 May, 2019 14:24
İEA: Qeyri-OPEC ölkələri Azərbaycan, Qazaxıstan və Oman sayəsində öhdəliyi 151% yerinə yetirib

Hasilatın azaldılması ilə bağlı Vyana sazişinə qoşulan qeyri-OPEC üzvləri Azərbaycan, Qazaxıstan və Omanın hesabına apreldə öhdəliyin 151%yerinə yetirilməsinə nail olub.

“Finans.az” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) may ayı üzrə hesabatında qeyd edilib.

Bildirilib ki, Azərbaycan apreldə gündəlik hasilatı 120 min barel azaldıb və gündəlik hasilatın həcmi 680 min barel olub. Beləliklə, Azərbaycan üzərinə götürdüyü hasilatın 20 min barel azaldılması öhdəliyinə 565%əməl edib.

Apreldə Qazaxıstanda gündəlik neft hasilatı 240 min barel azaldılıb və 1,8 mln. barel təşkil edib. Bununla Qazaxıstan gündəlik hasilatın 40 min barel azaldılması kvotasını 600% yerinə yetirib.

Ötən ay Oman isə gündəlik neft hasilatını 30 min barel azaldaraq öhdəliyinə 115% əməl edib. Omanda apreldə gündəlik neft hasilatı 1,97 mln. barel təşkil edib.

Rusiya isə apreldə gündəlik hasilatı 230 min barel əvəzinə 190 min barel azaldaraq öhdəliyinə 80% əməl edib.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub.

Sazişə əsasən, 11 OPEC ölkəsi gündəlik hasilatı 812 min barel, 10 qeyri-OPEC ölkəsi isə 383 min barel azaltmalıdır.


Mənbə: report.az