İctimai yerlərdə enerji doldurma təhlükəli ola bilər - Smartfonlarla bağlı xəbərdarlıq

  • 8 Yanvar, 2020 17:59
İctimai yerlərdə enerji doldurma təhlükəli ola bilər - Smartfonlarla bağlı xəbərdarlıq

Hava limanında, metro stansiyasında və digər ictimai yerlərdə doldurma cihazının istifadəsi təhlükəlidir.

"Finans.az" Rusiya mətbuatına istinadla xəbər verir ki, cinayətkarlar smartfon vasitəsi ilə istifadəçilərin şəxsi məlumatını əldə edə bilərlər. Kiber təhlükəsizlik üzrə mütəxəssislər istifadəçilərin üzləşə biləcəyi problemləri sadalayıblar.

Group-IB şirkətinin kompüter kriminalistikası üzrə laboratoriyasının rəhbəri Sergey Nikitinin sözlərinə görə, ictimai yerlərdə istifadə olunan USB kabellərinə ziyanlı cihaz qoşmaq və ya kiçik kompüter birləşdirmək olar. “Bu yolla cinayətkar cihazınıza daxil ola bilər. Kompüter smartfona zərərli kodu göndərir, işə salır və bu yolla haker şəxsi məlumata yol tapır” - ekspert vurğulayıb.

“Cet İnfosistem” şirkətinin müdafiənin praktik təhlili laboratoriyasının mütəxəssisi Georgi Starostin qeyd edib ki, kiber cinayətkarlar şantaj üçün telefonlardan şəkillər yükləyə və ya cihazı virusa yoluxdura bilərlər: “Doldurma stansiyaları digər risklərin də daşıyıcısıdırlar. Xidmət göstərən şirkət belə əlavə avadanlığı quraşdıra, məlumatı əldə edib reklam şirkətlərinə sata bilər”.

Mütəxəssislər doldurma stansiyalardan istifadə etməməyi tövsiyə edirlər.

Nərgiz Malik