İcarə haqqından vergi belə hesablanacaq - ŞƏRH

  • 12 Aprel, 2019 10:12
İcarə haqqından vergi belə hesablanacaq - ŞƏRH

Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında sahibkarlar icarəyə verdikləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan daşınmaz əmlaklarının (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməyən yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

"Finans.az" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, mövzunu şərh edən iqtisadçı İsmayıl Bağırovun bildirdiyinə görə, bu maddənin tətbiqinin əsas məqsədi icarə haqqından vergi hesablanarkən vergi ödəyiciləri ilə vergi orqanları arasında yaranan mübahisəyə aydınlıq gətirməkdir: "Son zamanlar çox geniş yayılmış haldır ki, bəzi sahibkarlar öz gəlirlərini artırmaqdan ötrü icarəyə verdikləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan daşınmaz əmlaklarının qiymətini icarə müqaviləsində aşağı qiymətlə göstərir, reallıqda isə göstərdiklərindən yüksək qiymətlə icarə haqqı almaqla və ya daşınmaz əmlakın qohumlara icarəyə verilməsi kimi əsaslar gətirməklə vergidən yayınmağa çalışırlar".

İqtisadçı-ekspert İsmayıl Bağırov

Bu cür hallarda rəsmiləşdirilən icarə haqqının məbləği vergi orqanları ilə vergi ödəyiciləri arasında mübahisəyə səbəb olur. Mübahisənin yaranmaması üçün icarə haqqı tərəflər arasında müqavilə ilə tənzimlənməlidir. Lakin Vergi Məcəlləsinin 124.4-cü maddələrinə əsasən, vergitutma məqsədləri üçün icarə haqqından vergilər vergi orqanları tərəfindən Məcəllənin 14-cü maddəsinə müvafiq olaraq bazar qiymətlərindən istifadə edilməklə hesablanacaqdır. Yəni sahibkar daşınmaz əmlakını istənilən qiymətə icarəyə verə bilər, az məbləğdə icarə haqqı ala bilər, lakin bu, vergi məbləğinə aid edilməməlidir. Buna görə də vergitutma məqsədləri üçün əmlakın bazar dəyəri əsas götürüləcəkdir.


"Bu maddəyə əsasən, icarə haqqından verginin hesablanması qaydasını daha aydın anlamaq üçün bunu bir misalla izah edək: tutaq ki, fiziki şəxs özünə aid ticarət obyektini ayda 1.000 manata hüquqi şəxsə icarəyə verib və ona görə ödəmə mənbəyində icarə haqqından 140 manat (1000 x 14% = 140) vergi tutulub. Əslində isə həmin ticarət obyektində icarə haqqının bazar qiymətlərinə uyğunluğu 2.000 manatdır. Bu halda, tərəflər müqaviləni bazar qiymətini nəzərə alaraq bağlamalıdırlar. Əks halda, vergi orqanı tərəfindən bazar qiymətləri əsas götürülərək ödəmə mənbəyində icarə haqqından 280 manat (2.000 x 14% = 280) vergi hesablanacaqdır.

Daha bir misal: Fiziki şəxs özünə məxsus mənzili ayda 1.000 manata digər fiziki şəxsə icarəyə verib və ona görə ödəmə mənbəyində icarə haqqından 140 manat (1.000 x 14% = 140) vergi tutulub. Əslində isə mənzilin icarə haqqının bazar qiyməti 2.000 manatdır. Bu halda, Vergi Məcəlləsinin 14.3.5-ci maddəsinə əsasən, icarəyə verilən mənzil sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməyən yaşayış fondu olduğu üçün icarə haqqından vergi bazar qiymətinə əsasən deyil, faktiki müqavilədə göstərilən qiymətə uyğun olaraq, 1.000 manata görə 140 manat (1.000 x 14% = 140) hesablanacaq".