Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir

  • 28 Sentyabr, 2020 11:47
Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir

Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir.

"Finans.az" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar, "Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək (30 sentyabr daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılmışdır.

Eyni zamanda, AZAL aviaşirkətinin 1 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin 2 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilmişdir.

AZAL aviaşirkətinin ləğv edilmiş reyslərinin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və ya ödənilmiş vəsaiti geri ala bilərlər.

Bundan əlavə, Fly Dubai aviaşirkəti 29 sentyabr, 1 və 3 oktyabr tarixlərinə nəzərdə tutulmuş Dubay-Bakı-Dubay istiqamətində reyslərini, "Aeroflot" aviaşirkəti 1 və 4 oktyabr tarixinə nəzərdə tutulmuş Moskva-Bakı-Moskva istiqamətində aviareyslərini və "Belavia" aviaşirkəti 2 və 4 oktyabr tarixlərinə nəzərdə tutulmuş Minsk-Bakı-Minsk istiqamətində aviareyslərini ləğv etmişdir.

Qeyd olunan ləğv edilmiş reyslərin sərnişinləri əlavə məlumat üçün adı çəkilən aviaşirkətlərə müraciət edə bilərlər.