Həftə sonundan Bakı-Naxçıvan-Bakı gecə reysinə start verilir - QİYMƏT

  • 7 Yanvar, 2019 17:38
Həftə sonundan Bakı-Naxçıvan-Bakı gecə reysinə start verilir - QİYMƏT

11 yanvar tarixindən etibarən hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək.

BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədovanın “Finans.az”a verdiyi məlumata görə, avtobus Bakıdan saat 21:00-da hərəkət edəcək. Naxçıvandan isə saat 19:30-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir.

“Sərnişinlər Bakı-Naxçıvan-Bakı reysinə biletləri Bakı Beynəlxalq Avtovağzalının qabaqcadan satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 41 ünvanında yerləşən aviakassadan əvvəlcədən ala bilərlər. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür”, - deyə P.Məmmədova vurğulayıb.

Bundan başqa, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.