Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi davam edir

  • 9 aprel, 2021 14:08
Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi davam edir

Yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu boyunca torpaq işləri icra olunur.

“Finans.az”ın məlumatına görə, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 26.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsinə təmin etmək məqsədi ilə 45 dairəvi boru və 25 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 7 yeni avtomobil körpüsünün inşası da planlaşdırılır. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.

Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.