Gürcüstan “Avro 5” yanacaq standartının tətbiqini 1 il də təxirə sala bilər

  • 21 Oktyabr, 2020 11:52
Gürcüstan “Avro 5” yanacaq standartının tətbiqini 1 il də təxirə sala bilər

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Gürcüstanda “Avro 5” yanacaq standartına keçid daha 1 il təxirə salına bilər.

"Finans.az" xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Qurumda hesab edirlər ki, “Avro 5”in tətbiqi ilə bağlı qərar 2021-ci ilin əvvəlindən qüvvəyə minərsə, Azərbaycandan bu standarta uyğun yanacaq tədarük etmək mümkün olmayacaq: “Hazırda Azərbaycanın neft emalı zavodları “Avro 4” standartına uyğun keyfiyyətli dizel yanacağı istehsal edir. Pandemiyanın yaratdığı iqtisadi tənəzzülü nəzərə alsaq gələn il kifayət qədər çətin olacaq. Gürcüstan hökumətinin müavafiq qərarının 2022-ci il yanvarın 1-nə qədər təxirə salması məqsədəuyğun olardı. Bunun sayəsində Gürcüstan bazarında əvəllər də olduğu kimi digər ölkələrdən idxal olunan yanacaqdan 10-15 tetri ucuz olan Azərbaycan yanacağı mövcud olacaq”.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Avro 5” standartlı yanacağın istehsalına 2022-ci ildə başlamağı planlaşdırır. Bu ilim yanvar-sentyabr aylarında şirkət qonşu ölkəyə 159,3 min ton dizel yanacağı ixrac edib ki, bu da Gürcüstanın ümumi idxalının 38%-ni təşkil edib.


Mənbə: report.az