"Günay Bank"ın maliyyə vəziyyəti məlum oldu

  • 23 İyul, 2019 11:59

"Günay Bank" ASC 30 iyun 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin birinci yarısı üzrə cəmi aktivləri 224 mln.249 min manat olub. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 23,4% çoxdur.

"Günay Bank"ın kredit portfeli 1 il ərzində 2,6% artaraq 151 mln. 587 min manat təşkil edib.

Sözügedən dövrə "Günay Bank"ın depozit portfelinin həcmi 93 mln. 427 min manat təşkil edib. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,5% çoxdur.

Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 33,3% artaraq 161 mln. 273 min manata çatıb.

KAPİTALI ARTIB.

2018-ci ilin eyni dövrü ilə müqayisədə "Günay Bank"ın cəmi kapitalında artım müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 3,7% artaraq 62 mln. 977 min manata qalxıb.

MƏNFFƏTDƏDİR.

2019-cu ilin yanvar-iyun aylarında bankın xalis faiz gəlirləri 8473 min manat, xalis qeyri-faiz xərcləri isə 243 min manat olub. Əməliyyat mənfəəti 604 min manat olan "Günay Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 149 min manat azaldıb. Nəticədə, bank 2019-cu ilin ilk yarısını 752 min manat xalis mənfəətlə başa vurub.