Gələn həftə OPEC-in Texniki Komitəsinin iclası keçiriləcək

  • 10 Sentyabr, 2018 16:08
Gələn həftə OPEC-in Texniki Komitəsinin iclası keçiriləcək

Neft İxrac Edən Ölkələr Təşkilatına(OPEC) üzv və qeyri-üzv ölkələrdən olan mütəxəssislərin daxil olduğu Texniki Komitənin iclası keçiriləcək

Neft İxrac Edən Ölkələr Təşkilatına(OPEC) üzv və qeyri-üzv ölkələrdən olan mütəxəssislərin daxil olduğu Texniki Komitənin neft hasilatının həcminin artırılması ilə bağlı növbəti iclası sentyabr 17-də baş tutacaq.

“Finans.az”ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, toplantının gündəliyində beynəlxalq sazişin iştirakçıları arasında neft hasilatının gündəlik olaraq 1 mln. barel həcmində artırılaraq bölüşdürülməsi məsələsi durur.

Analitiklər ümid edirlər ki, danışıqların nəticəsi olaraq OPEC üzvləri arasında yaranmış gərginlik qismən də olsa aradan qaldırılacaq.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.