FAO: Avqustda qlobal ərzaq qiymətləri artıb

  • 10 Sentyabr, 2020 16:50
FAO: Avqustda qlobal ərzaq qiymətləri artıb

Bu ilin avqust ayında dünyada şəkər, bitki yağı və taxılın beynəlxalq qiymətləri iyul ayına nisbətən artıb, bununla da qlobal taxıl məhsullarının qiymətləri illik rekord göstəricisinə çatmaqda davam edir.

"Finans.az" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Məlumata görə, qlobal ərzaq qiymətləri, ümumiyyətlə daha güclü tələbin və ABŞ dollarının zəifləməsi səbəbindən ardıcıl üçüncü ay olaraq avqust ayında da artmaqda davam edib. Ən çox satılan ərzaq məhsullarının beynəlxalq qiymətlərinin dinamikasının izləndiyi FAO-nun ərzaq qiymətləri indeksinə görə avqust ayında orta hesabla 96,1 bal təşkil edib, bu da ötən aya nisbətən 2% çoxdur.

FAO Taxıl qiymət indeksi, iyul ayından etibarən 1,9% artaraq 2019-cu il avqust ayındakı dəyərindən orta hesabla 7% artım göstərib və burada dənli bitkilər və taxıl məhsulları ilk sırada yer alıb. Darı məhsulunun qiymətləri Çinin böyük idxal tələbi səbəbindən 8,6% artıb və keçən ilə nisbətən burada 33,4% artım müşahidə olunur. Qarğıdalı qiymətləri, Ayova (Iowa) ştatındakı son məhsul azlığının tədarükə təsir edəcəyinə dair narahatçılıqlar bu məhsulun 2,2% artmasına səbəb olub. Düyünün beynəlxalq qiymətlərində də mövsümdən asılı olan səbəblər və Afrikadan bu məhsula olan tələbin artması ilə yüksəlmə müşahidə edilib.

FAO şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən 6,7% artaraq, dünyanın ikinci ən böyük şəkər ixracatçısı olan Avropa Birliyi və Taylanddakı əlverişsiz hava şəraitləri və Çinin güclü idxal tələbi nəticəsində istehsalın azalmasına səbəb oldu. FAO bitki yağı qiymət indeksi başda palma yağı olmaqla soya, günəbaxan və kolza yağları daha çox tələbata əsasən 5.9% artıb.

FAO süd qiymətləri indeksi, İyul ayından etibarən dəyişməz olaraq qalıb, Okeaniyada geniş mövsümi ixrac imkanları gözləntiləri fonunda pendir və süd tozu qiymətləri aşağı enib, avqust ayında isti havanın təsiri nəticəsində südün azalması və Avropadan ixracatın azalması səbəbindən yağ qiymətləri yüksəlib.

FAO ət qiymətləri indeksi də iyul ayından etibarən demək olar ki dəyişməyib, 2019-cu ilin avqust ayına nisbətən 8,9 faiz azalsa da mal-qara və quş ətinə olan aşağı idxal tələbinin təsiri Çindən donuz ətinə olan tələbinin artması ilə kompensasiya olunub.

Taxıl məhsulları istehsalına dair proqnozlar

FAO, Amerika Birləşmiş Ştatlarında daha az qarğıdalı istehsalının olacağı gözləntilərinə əsasən 2020-ci ildə dünya taxıl istehsalına dair proqnozunu iyul proyeksiyasından etibarən 25 milyon ton azaldıb. Bununla birlikdə, bu azalmaya baxmayaraq belə bir nəticə 2019-cu ildə istehsal olunan məhsuldan 58 milyon ton çox təşkil edərək tarixin ən yüksək göstəricisi kimi müşahidə olunacaq.

Argentina və Braziliyada rekord dərəcədə qarğıdalı məhsulu istehsalı proqnozlaşdırılır. Həmçinin qlobal darı istehsalının əvvəlki ilə nisbətən 6 faiz artması gözlənilir. 2020-ci ildə dünya miqyasında düyü istehsalının da 509 milyon tonluq yeni bir rekorda çatması gözlənilir.

FAO-nun 2020/21 dünya taxıl istifadəsi üçün yeni proqnozuna əsasən illik 2% artımla 2 764 milyon ton səviyyəsindədir.

Qlobal taxıl ehtiyatlarının 2021 mövsümündə 1,7% nisbətində artaraq 895,5 milyon tona çatması və dünya taxıl ehtiyatlarının 31,8% nisbətində, iyul ayından bir qədər aşağı düşməsi, lakin əvvəlki illərə nisbətən yüksək olması gözlənilir.

Gözlənilən budur ki, daha böyük həcmdə düyü və taxıl məhsulları tədarükü ilə canlanan 2020/21-ci illərdə dünya taxıl ticarəti, 2019/20 illərindəki səviyyəsindən 1,6% daha çox, 441,4 milyon ton səviyyəsində olacaq.


Mənbə: report.az