“Facebook”un əməkdaşları Trampa görə tətil etdilər

  • 2 İyun, 2020 13:55
“Facebook”un əməkdaşları Trampa görə tətil etdilər

“Facebook” şirkətinin əməkdaşları sosial şəbəkənin rəhbəri Mark Zukerberqin ABŞ prezidenti Donald Trampın Minneapolisdəki vəziyyətlə bağlı paylaşımlarını silməkdən imtina etdiyi üçün virtual tətil təşkil ediblər.

Bu barədə "Finans.az" NBC-nin yaydığı məlumata istinadən xəbər verir.

Zukerberg söyləyib ki, Trampın qaradərili Con Floydun ölümü ilə əlaqədar etiraz aksiyalarının keçirildiyi Minneapolisə Milli Qvardiyanın göndərilmə ehtimalını ifadə edən postunda “Facebook” rəhbərliyi heç bir qanunsuzluq aşkarlanmayıb.

Məlumatda bildirilir ki, “Facebook” əməkdaşlarının yazışması üzə çıxıb. İşçilərdən biri "Facebook”un Trampın şiddətə təhrik edən postunu silmədiyinə görə burada işləməkdən utanıram" yazıb. Bəzi əməkdaşlar “Facebook” rəhbərliyinin sükutunu Trampa dəstək kimi qəbul edib. “Facebook” administrasiyasından isə bildiriblər ki, şirkətdə əməkdaşların açıq dialoqu dəstəklənir, onlar rəhbərliyin fikri ilə razı olmadıqlarını ifadə edə bilərlər.

Mayın 26-dan etibarən Minneapolisdə polislə toqquşmalarla müşayiət olunan kütləvi etiraz aksiyaları keçirilib. Etirazlar qarışıqlıq, qarət, atışma və yandırma ilə müşayiət olunub. Milli Qvardiya və polis qüvvələrinin köməyi ilə şəhərdə qayda-qanunu bərpa etmək mümkün olub. Komendant saatı tətbiq edilib.

Bir müddət öncə Tramp sosial şəbəkələrin fəaliyyətini tənzimləyən fərman imzalayıb. Yeni qaydalara görə, senzurada və ya siyasi fəaliyyətdə iştirakı olan platformalar məsuliyyətə cəlb oluna bilərlər.

Günay Cabbar


Mənbə: lenta.ru