"Facebook" istifadəçiləri niyə izlədiyini izah edib

  • 20 Dekabr, 2019 13:35

Facebook şirkətinin əməkdaşları cihazdakı GPS xidmətləri söndürülsə belə şəbəkənin öz istifadəçisini izləməsi xəbərini şərh ediblər.

"Finans.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Facebook"un ABŞ senatorları Kris Cons və Coş Havleyin sorğusuna verdiyi cavab Havleyin Twitter hesabında paylaşılıb.

Paylaşıma əsasən, sosial şəbəkənin nümayəndələri istifadəçinin yerinin həmişə və avtomatik müəyyənləşdiyini bildiriblər. Total izləmə reklamın hədəf auditoriyasını təyin etmək üçün lazımdır. "Facebook" məkanı IP ünvan və ya foto teqindən təyin edə bilir.

Senatorlar "Facebook"un bu açıqlamasını əhəmiyyətli addım kimi qiymətləndiriblər. Onların fikrincə, istifadəcilər bu barədə məlumatlı olmalı, yaxın gələcəkdə isə ABŞ konqresi bu məsələyə baxmalıdır.

Qeyd edək ki, bir neçə il əvvəl Reddit şirkəti "Facebook"un öz istifadəçilərini izlədiyini göstərən video paylaşmışdı. Videoda sosial şəbəkə istifadəçilərinin gündəlik söhbətlərinin dinlənildiyi əks olunmuşdu.

Azadə Yolçu