Ehtiyacı olan ev ala bilmir, olmayan isə “ev kolleksiyası” yaradır - SOSİAL EVLƏRLƏ BAĞLI MƏQAM

  • 18 Sentyabr, 2019 10:16
Ehtiyacı olan ev ala bilmir, olmayan isə “ev kolleksiyası” yaradır - SOSİAL EVLƏRLƏ BAĞLI MƏQAM

Son günlər CESD-ə edilən müraciətlərdə sosial evlərin bir qisminin kirayə kimi təklif edilməsi məsələsi üstünlük təşkil edir.

"Finans.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqat Bayramov deyib. Onun sözlərinə görə, əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb: "Sosial evi güzəştli şərtlər ilə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə kimi təklif edərək qazanc əldə etməyə çalışır. Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir. Təbii ki, burada Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) günahlandırmaq doğru olmaz. MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir. Aydındir ki, agentlik mənzilə sahib olan şəxsdən evi kirayə verməməyi tələb edə bilməz. Sosial ipoteka kreditlərinə əldə etmək üçün başqa mənzilə sahib olmaq məhdudiyyət yaratmadığı üçün bəzi hallarda bir neçə evi olanlar da sosial evləri alıb əlavə qazanc əldə etməyə çalışırlar. Amma sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzil ilə təmin etmək olduğundan bu evlərin kommersiya məqsədi ilə istifadə olunması nəinki arzuolunan deyil, həmçinin yolverilməz olmalıdır".

"Nəticədə, belə hallarda evsiz vətəndaş mənzil sahibi olmaqda çətinlik çəkir, başqası isə “ev kolleksiyası” yaradır: evlərinin sayını artıraraq kirayədən gəlir əldə edir", - deyə ekspert əlavə edib.

Belə halların qarşısının alınması üçün nələrin edilməsinə ehtiyac var?

İqtisadçı-ekspert Vüqar Bayramov

Əvvəlla, evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır: "Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır. İkincisi, qanunvericiliklə agentliyə mənzilləri təyinatı üzrə istifadəyə nəzarət hüququ verilməlidir. Doğrudur, iddia oluna bilər ki, mənzildən istifadə etmək ev sahibinin hüququdur. Amma nəzərə almaq lazımdır ki, sosial evlər dövlər vəsaiti hesabına inşa edilir və evlərə sahiblikdə sosial ədalət əsas prioritet olaraq qalmalıdır. Belə mexanizm isə sosial evlərin gəlir mənbəyinə çevrilməsini minimumlaşdırar və gələcəkdə sosial evlərin kirayə təklif edən internet səhifələrini “bəzəməsinin” qarşısını ala bilər.