Etilen-Polietilen Zavodu bu tarixdən tam yeni konfiqurasiyada istismara veriləcək

  • 24 Aprel, 2019 11:19
Etilen-Polietilen Zavodu bu tarixdən tam yeni konfiqurasiyada istismara veriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodu 2020-ci ilin II rübündə tam olaraq yeni konfiqurasiyada istismara veriləcək.

"Finans.az" xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda "Azərikimya" İstehsalat Birliyinin baş direktorun sərmayə və inkişaf üzrə müavini Orxan Cəfərov bildirib.

"Yenidənqurma və modernizasiya layihəsi çərçivəsində 2016-cı ilin noyabr ayında EPC (Mühəndislik, Layihələndirmə və Tikinti) müqaviləsi imzalanıb. 2017-2018-ci illərdə ilk qurğular istismara verilib. 2020-ci ilin I rübündə bütün yeni və revamp olunan qurğular tikilib-quraşdırılacaq.Ümumilikdə, zavod 2020-ci ilin IIrübündə tam yeni konfiqurasiyada istismara tam daxil olacaq", - o qeyd edib.

"Azərikimya" rəsmisinin sözlərinə görə, hazırda Etilen-Polietilen Zavodunda aparılan modernizasiya və yenidənqurma layihəsi üzrə ümumilikdə 80,5% işlər yekunlaşıb: "O cümlədən mühəndislik işləri 99,8%, təchizat 96,4%, tikinti 51% tamamlanıb. Bütün lazımi avadanlıqlar və materiallar bu ilin may ayına kimi əraziyə çatdırılacaq".

O.Cəfərov onu da bildirib ki, layihənin icrasından sonra etilen istehsalının həcmi ildə 100-105 min tondan 192 min tona, propilen istehsalının həcmi 50-55 min tondan 187 min tona çatdırılacaq.


Mənbə: report.az