Əsas kapitala 7,4 mlrd manat vəsait yönəldilib

  • 16 Avqust, 2019 11:30
Əsas kapitala 7,4 mlrd manat vəsait yönəldilib

Bu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 395,5 mln manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 67,7%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ümumi sərmayənin 64,3%-i məhsul istehsalı sahələrinə, 26,4%-i xidmət sahələrinə, 9,3%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,8%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,3%, büdcə vəsaitləri 28,1%, bank kreditləri 7,9%, əhalinin şəxsi vəsaitləri 6,9%, büdcədənkənar fondların vəsaitləri 1,5%, sair vəsaitlər isə 0,3% təşkil edib.