Energetika naziri “Mərkəzi Azəri” platformasında olub

  • 10 İyun, 2019 18:01
Energetika naziri “Mərkəzi Azəri” platformasında olub

Energetika naziri Pərviz Şahbazov “Mərkəzi Azəri” platformasına baş çəkib.

“Finans.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və digər nümayəndələrin iştirakı ilə platformanın ərazisinə baxış keçirib, platformanın fəaliyyəti ilə tanış olub.

Q.Counz “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun cari vəziyyəti, “Mərkəzi Azəri” platformasında aparılmış profilaktik təmir işləri, platformada qurulmuş müasir texniki, təhlükəsizlik sistemi və planlaşdırılan yeni tədbirlər barədə məlumat verib.

Səfər zamanı həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsi olan “Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində görüləcək işlər diqqətə çatdırılıb.

Xatırladaq ki, “Mərkəzi Azəri” platforması “Azəri” yatağında quraşdırılmış üç platformadan biri olmaqla, “Azəri-Çıraq-Günəşli” layihəsinin 1-ci mərhələsində istismara verilib.