Əmək haqqının 180 manatdan aşağı olmamasına nəzarət edilir - Nazirlik

  • 7 May, 2019 16:32
Əmək haqqının 180 manatdan aşağı olmamasına nəzarət edilir - Nazirlik

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamına əsasən, ölkədə əmək haqqının minimum məbləği martın 1-dən 180 manat müəyyən olunub. Bu o deməkdir ki, iş yerlərində minimum əmək haqqının məbləği 180 manatdan az ola bilməz. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur.

"Finans.az" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin Elektron İnformasiya Sistemində əhatə olunub. Yəni həmin sistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqlarını real vaxt rejimində görməyə imkan verir. Əgər cari ilin 01 martına qədər hansısa işəgötürən 180 manatdan aşağı məbləğdə əmək haqqı müəyyən edibsə, martın 1-dən bu məbləğin 180 manat çatdırılması barədə işəgötürənlərin əvvəlcədən məlumatlandırılması həyata keçirilib.

Elektron sistemdə minimum əmək haqqını həmin məbləğdən aşağı müəyyən etdiyi aşkar olunan hər hansı işəgötürənə qarşı qanunvericilik çərçivəsində ciddi cərimə tədbirləri nəzərdə tutulur.