Əlilliyi olanlar üçün yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır

  • 29 Oktyabr, 2019 17:51
Əlilliyi olanlar üçün yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır

“Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı reabilitasiya işinin mütərəqqi dünya təcrübələri əsasında yenidən qurulması məqsədilə yeni “Reabilitasiya Konsepsiyası” sənədinin layihəsi üzərində iş gedir”.

"Finans.az" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazirin müavini Anar Kərimov “Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminarda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyinə ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.

Nazir müavini Azərbaycanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqda Konvensiyası”nı ratifikasiya edən ilk ölkələrdən olduğunu bildirib.

A. Kərimov Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yeni yaradılan “Reabilitasiya” altsisteminin önəmini diqqətə çatdırıb.

O qeyd edib ki, əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq: "Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin daha təkmil qurulmasına imkan verəcək".

“Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminar Finlandiyanın Azərbaycandakı səfirinin ofisi və Azərbaycan Əlillər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.