Əlilliyi olan şəxslərə biznesini qurmağa kömək ediləcək - ELAN + SƏNƏDLƏR

  • 19 İyun, 2019 15:23
Əlilliyi olan şəxslərə biznesini qurmağa kömək ediləcək - ELAN + SƏNƏDLƏR

Özünüməşğulluq proqramı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən dəstəklənən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsinin tərkib hissəsidir.

"Finans.az" xəbər verir ki, proqramın əsas məqsədi bizneslərini qurmaq istəyi və potensialı olan 500 nəfər əlilliyi olan şəxsi dəstəkləməkdir. Proqram işsizlərə biznes ideyalarını həyata keçirməkdə kömək etmək üçün sahibkarlıq və məsləhət üzrə pulsuz təlimlər təqdim etməyi, onlara avadanlıq və / və ya materiallar şəklində dəstək göstərməyi nəzərdə tutur.

Kimlər iştirak edə bilər?

Proqram 2019-2020-ci illər üzrə Azərbaycanın Binəqədi, Sabunçu, Abşeron, Şamaxı, Göyçay, Zaqatala, Şəmkir, Bərdə, Füzuli rayonları və Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində icra olunacaq. Proqramda qeyd edilən rayon və şəhərlərin məşğulluq xidmətlərində qeydiyyatdan keçmiş əlilliyi olan bütün işsiz şəxslər iştirak edə bilərlər.

Proqramın icrasının mərhələləri

Proqram namizədlərin sahibkarlıq barədə biliklərinin qiymətləndirilməsi və seçilməsi ilə başlanır. Yuxarıda göstərilən rayon və şəhərlərdə seçiləcək 700 namizədə sahibkarlıq haqqında məlumatlar veriləcək və iqtisadi cəhətdən əlverişli və davamlı biznes planları hazırlamaq üçün pulsuz təlim kursları təşkil ediləcəkdir.

Təlimi uğurla başa vurmuş və iqtisadi cəhətdən dayanıqlı biznes ideyası hazırlamış 600 namizədə müfəssəl biznes planın hazırlanmasında, eləcə də biznesə başlamaq üçün tələb olunan avadanlıqların və xammalın texniki xüsusiyyətlərinin müəyyən olunmasında dəstək göstəriləcək. Ən yaxşı biznes plana malik 500 namizədə yeni biznesin qeydiyyatdan keçirilməsində dəstək göstəriləcək və onlar natura formasında qrantla təmin olunacaqlar.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) layihənin icraçı orqanı kimi çıxış edir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) layihə üzrə texniki yardım, potensialın inkişaf etdirilməsi və əməliyyət dəstəyi göstərir.

Proqramda iştirak etmək ümumi seçim meyarları aşağıdakılardan ibarətdir:

Əlilliyi olan şəxslər;
Yaşayış yeri: Gəncə şəhəri, Mingəçevir şəhəri, Sumqayıt şəhəri, Şəmkir rayonu, Zaqatala rayonu,
Göyçay rayonu, Bərdə rayonu, Şamaxı rayonu, Füzuli rayonu, Abşeron rayonu, Sabunçu rayonu, Binəqədi rayonu;
Azərbaycan Respublikasının vətəndaşı;
Tələb olunan minimal təhsil səviyyəsi: ibtidai təhsil;
Öyrənmək və işləmək üçün yüksək motivasiyaya malik olmaq;
Liderlik potensialı olan və ictimai həyatda fəal şəxslərə üstünlük veriləcək;
Baza kompüter bacarıqları (arzuolunandır);
Dövlət Məşğulluq Xidmətində qeydiyyat/Məşğulluq Mərkəzinin işsizlik statusu haqqında arayışı.


Proqrama müraciət etmək üçün tələb olunan sənədlərin siyahısı:

Doldurulmuş ərizə forması
ƏƏSMN-nin "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi"
elektron xidmətindən çıxarılmış əlillik barədə elektron arayış

(https://www.e-gov.az/az/login/index/?return=/az/services/read/3481/0)

Necə müraciət etmək olar:

Maraqlanan şəxslər ərizə formasını ƏƏSMN-nin internet səhifəsindən (http://sosial.gov.az) yükləyə bilərlər;
Müvafiq rayon (şəhər) Məşğulluq Mərkəzlərinə müraciət edərək Mərkəzlərin kompüterlərindən istifadə edə bilərlər;
Rayon (şəhər) Məşğulluq Mərkəzindən müraciətlərin çap versiyasını əldə edə və mərkəzin proqramlar sistem vasitəsilə göndərə bilərlər.


Doldurulmuş ərizə, 10 iyul 2019-cu il tarixindən gec olmayaraq (sumqayit_dmx@mlspp.gov.az,mingachevir_dmx@mlspp.gov.az,ganca_dmx@mlspp.gov.az,
binaqadi_dmx@mlspp.gov.az,sabunchu_dmx@mlspp.gov.az,absheron_dmx@mlspp.gov.az,
samaxi_dmx@mlspp.gov.az,goychay_dmx@mlspp.gov.az, zaqatala_dmx@mlspp.gov.az,barda_dmx@mlspp.gov.az,shamkir_dmx@mlspp.gov.az,
fizuli_dmx@mlspp.gov.az elektron poçt ünvanlarına göndərilməlidir.

Məktubun mövzu (Subject) hissəsində “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsi” qeyd edilməlidir.

Seçim meyarı:

Qəbul olunan ərizələrə bu layihə çərçivəsində təyin edilmiş ƏƏSMN, BMTİP və layihədə iştirak edən digər tərəflərin nümayəndələrinin də daxil olduğu Qiymətləndirmə Komitəsi baxacaq və seçim meyarlarına uyğun olaraq seçilmiş namizədlər təlimlərə dəvət olunacaqlar.

Təlimlərdə iştirak edən və uğurlu biznes plan hazırlayan iştirakçılar avadanlıqlar və xammal şəklində dəstək almaq imkanı əldə edəcəklər.

Qeyd:
1. Proqrama yalnız qeyd edilən şəhər və rayonlarda həqiqi yaşayış yeri olan
və Məşğulluq Mərkəzlərində qeydiyyatdan keçmiş şəxslər müraciət edə bilərlər.
2. Ailə üzvləri müraciət və təlim müddətində ərizəçiləri dəstəkləyə bilər;
3. ƏƏSMN və BMTİP namizədlərin ərizə formasında yaşayış yeri, əlillik, təhsil, iş və
ya digər meyarlar üzrə təqdim etdiyi məlumatların həqiqiliyini yoxlamaq üçün əlavə sənədlər tələb edə bilər.