Ekspert: Xidməti müqavilə ilə çalışaların sosial sığorta öhdəlikləri artacaq

  • 4 Dekabr, 2018 13:36
Ekspert: Xidməti müqavilə ilə çalışaların sosial sığorta öhdəlikləri artacaq

“Sosial sığorta haqqında” qanununa edilən dəyişiklərin mülki hüquqi müqavilə (xidməti müqavilə) ilə fəaliyyət göstərən əmək bazarı iştirakçılarının öhdəliklərini artıracaqmı?

“Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinin yeni redaksiyası zamanı əlavə edilən 14.5.2. bəndinə əsasən 2019-cu ilin əvvəlindən etibarən sahibkarlıq fəaliyyəti göstərənlər üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 25% miqdarında olacaq.
Qeyd edək ki, hazırda bu kateqoriyaya daxil olan şəxslər üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 20%-i miqdarındadır.

"Finans.az" xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” qanununa edilən dəyişiklərin mülki hüquqi müqavilə (xidməti müqavilə) ilə fəaliyyət göstərən əmək bazarı iştirakçıları üçün nə vəd etdiyini araşdırıb.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, hazırda gəlirin səviyyəsindən asılı olmayaraq sahibkarlıq (tikinti və ticarət sektoru xaric) fəaliyyəti ilə məşğul olan şəxslərin dsmf ödənişi maksimum 26 manat (regionlar üzrə müvafiq göstərici dəyişir) olduğu halda yeni ildən minimum orta aylıq əmək haqqı dəyişmədiyi təqdirdə 32,5 manat olacaq. Beləliklə, qeyd edilən kateqoriyaya daxil olan şəxslərin dsmf xərcləri ümumilkdə 25% artacaq.

İqtisadçı-ekspert Vüqar Bayramov

Qanunvericiliyə edilən dəyişiklər əmək bazarının iştirakçıları arasında diskriminasiyanı aradan qaldırmayıb. Müxtəlif sosial qruplar üzrə dsmf ödənişi üzrə kəskin fərqin olması sosial müdafiə mexanizmlərinin, xüsusilə də, pensiya sisteminin maliyyə təminatını zəiflədir, əmək bazarının leqallaşması və vətəndaşların əmək hüquqlarının təmin edilməsi baxımından ciddi çətinliklərə səbəb olur. Məsələn 1000 manatlıq əmək haqqı fondu üçün müvafiq ödəniş 25% (22% (işəgötürən) və 3% (işçi)) olmaqla ümumilikdə 250 manat olduğu halda xidməti müqavilə ilə 1000 manat üçün dsmf ödənişi 2​6 manat (yeni ildən​ 32,5 manat) və bəzi hallarda isə daha azdır. Göründüyü kimi arada çox ciddi fərq var. Eyni zamanda mülki hüquqi müqavilə əsasında çalışanların mdsf ödənişi ilə onun real gəlirləri arasında heç korelyasiya yoxdur. Yuxarıda göstərilənlərdən də göründüyü kimi, 500 manat və 1000 manat xidmət haqqı alan vətəndaş bərabər məbləğdə dsmf ödənişi həyata keçirir. Qanunvericiliyə dəyişiklərin edilməsi zamanı yuxarıda sadalanan çatışmazlıqların aradan qaldırılması və xüsusilə, gəlirlər ilə dsmf ödənişi arasında korrelayasiyanın müəyyən edilməsi məqsədəuyğun idi. Son olaraq qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklər nəticəsində xidməti müqavilə ilə çalışaların (VÖEN almış və sahibkar hesab edilən şəxslər) məcburi dövlət sosial sığorta və vergi öhdəlikləri cari məbləğlə müqayisədə ​25% artacaq.