Ekspert: “Valyuta ehtiyatları iqtisadiyyatımız üçün etibarlı "təhlükəsizlik yastığı" formalaşdırıb”

  • 10 Mart, 2020 14:48
Ekspert: “Valyuta ehtiyatları iqtisadiyyatımız üçün etibarlı

Ötən həftə Vyanada OPEC üzvü olan və qeyri-OPEC ölkələrin (“OPEC+”) nazirlərinin görüşünun nəticəsiz başa çatmasından sonra “qara qızıl” kəskin şəkildə ucuzlaşıb.

Ümumiyyətlə, neftin qiymətində əhəmiyyətli titrəyişlər milli iqtisadiyyatımız üçün hər hansı ciddi fəsad yarada bilərmi?

Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli bununla bağlı açıqlamasında neftin qiymətinin artıb-azalmasının bu xammalı ixrac edən ölkələrin iqtisadiyyatında şok yaratmasının indi Azərbaycan üçün aktual olmadığını deyib.

“Hökumətin həyata keçirdiyi iqtisadi islahatlar, xərclərin optimallaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması yönündə görülən işlər neftin qiymətində baş verə biləcək hər hansı enmələrin milli iqtisadiyyatda yarada biləcəyi fəsadları minimuma endirib. Bundan başqa, SOCAR-ın timsalında Azərbaycanın xarici ölkələrdə sərmayələri gəlirlərimizin şaxələnməsini və davamlılığını təmin edib ki, bu da neftdən asılılığı azaldan daha bir vacib amildir. Eyni zamanda neft satışından gələn vəsaitlərin akumulyasiyası nəticəsində yaranan valyuta ehtiyatları iqtisadiyyatımız üçün etibarlı "təhlükəsizlik yastığı" formalaşdırıb. Bu "yastıq" neftin qiymətinin büdcədə nəzərdə tutulan həddin altında olması təqdirdə uzunmüddətli dövr ərzində milli iqtisadiyyatın dayanıqlığını təmin etməyə imkan verəcək”, - ekspert bildirib.

Onun fikrincə, qiymətin uzun müddət aşağı olmasının milli valyutanın məzənnəsinə mənfi təsirlərini azaltmaq üçün bir sıra profilaktik addımların atılmasına ehtiyac var.

"İlk növbədə, valyuta bazarında yarana biləcək təşvişin neytrallaşdırılması üçün süni valyuta qıtlığı yaratmaq cəhtlərinin qarşısı qətiyyətli şəkildə alınmalıdır. Digər tərəfdən, Mərkəzi Bank valyuta bazarına daha aktiv şəkildə intervensiya həyata keçirməli və xarici valyutada kreditləşməyə məhdudiyyətlər tətbiq etməlidir”, - A.Həsənli vurğulayıb.


Mənbə: apa.az