Ekspert: "TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malik olacaq"

  • 19 Fevral, 2020 13:48
Ekspert:

Azərbaycanın karbohidrojen ehtiyatlarının dünya bazarına çatdırılması yönündə bir sıra iri layihələr həyata keçirilib. Bunlardan biri də Cənub Qaz Dəhlizinin vacib elementi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) istifadəyə verilməsidir.

Ümumiyyətlə, TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında hansı rola malikdir və ölkəmizə hansı dividendlər vəd edir?

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov bununla bağlı verdiyi açıqlamada Avropanın enerji asılılığının azaldılmasında TANAP-ın xüsusi əhəmiyyətinin olduğunu vurğulayıb.

O deyib ki, Avropa ehtiyacları üçün xüsusilə Rusiya və ABŞ-dan aldığı qaz və digər enerji məhsullarının diversifikasiyasını, yəni çoxşaxəliliyini həyata keçirməkdə maraqlıdır: "Bu mənada TANAP-la Avropaya çatacaq qaz həmin regionun enerji təhlükəsizliyinin təmin olunması üçün idxalın diversifikasiyası baxımından xüsusi rola malik olacaq. Bu, həm də kəmərə bağlı olan ölkələr arasında regional əməkdaşlıq zənciri formalaşdıracaq”.

Kəmərin rentabellik məsələsinə toxunan ekspert yaxın on ildə təkcə qaz idxalından ölkəyə 100 milyard ABŞ dollarınadək gəlir gələcəyinə işarə edib: "İlk illərdə 16 milyard kubmetr qazın nəqli nəzərdə tutulur: "Onun 6 milyardı Türkiyənin payına düşür ki, o, bunun müəyyən hissəsini artıq almağa başlayıb. Digər 10 milyard kubmetrin isə Yunanıstan üzərindən Avropa bazarına çıxarılması nəzərdə tutulur və bu rəqəmin sonrakı illərdə artacağı gözlənilir. Yəni bəzi hesablamalara görə, qarşıdakı 10 ildə təkcə qaz ixracından 100 milyard ABŞ dollarınadək gəlir əldə olunacaq. Bu da TANAP-ın birmənalı şəkildə rentabelli olacağı deməkdir”.

Ekspert hesab edir ki, valyuta gəlirlərinin artması milli valyutanın məzənnəsinin məhkəmlənməsinə və sabitləşməsinə gətirib çıxaracaq.

Onun sözlərinə görə, manatın sabitliyinə nail olmaq demək olar, iqtisadi sabitliyi təmin etmək anlamına gəlir: “Artan ixracın gətirdiyi valyuta gəlirləri artıq dövlət maliyyəsi kimi formalaşacaq. Həmin büdcə ayırmaları isə regionların Sosial-İqtisadi İnkişaf proqramlarının reallaşmasında, qeyri-neft sektorunun inkişafında, yüksək texnoloji sahələrin yaradılmasında və inkişafında müstəsna əhəmiyyət kəsb edir. Bu da nəticə etibarı ilə Azərbaycanın kumulyativ iqtisadi göstərici olan ümumi daxili məhsulun davamlı və təminatlı artımına müsbət təsir edəcək”.


Mənbə: report.az