Ekspert: “SOCAR pandemiya dövründə yeni çağırışlara ən çevik cavab verən şirkətlərdən biri oldu”

  • 20 İyul, 2020 17:50
Ekspert: “SOCAR pandemiya dövründə yeni çağırışlara ən çevik cavab verən şirkətlərdən biri oldu”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işçilərinin bilik və bacarıqlarının artırılması üçün könüllü onlayn təlimlər, vebinarlar keçirir.

“Finans.az”ın məlumatına görə, artıq SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Nazirlər Kabinetinin təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı qərarından sonra mart ayından onlayn dərslərə başlayıb. Artıq İdarənin Kadr hazırlığının təşkili mərkəzində onlayn təlimlər keçirilməsi üçün sinif otaqları ayrılıb, otaqlar lazımi texniki avadanlıqlarla təchiz edilib.

SOCAR-ın “Azneft” İstehsalat Birliyində isə işçilərin inkişafına töhfə vermək məqsədi ilə keçirilən daxili vebinarlar davam edir.

Ümumiyyətlə, keçirilən bu seminarlar və onlayn təlimlər Şirkətin əməkdaşlarına hansı faydanı verəcək, həmçinin bu təlimlərin əhəmiyyəti nədir?

Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə bu məsələni şərh edərkən bildirib ki, COVID-19 pandemiyası dünya iqtisadi sistemində bir çox yeniliklərə səbəb olub.

Onun sözlərinə görə, artıq dünya yeni reallıqlarla qarşı-qarşıyadır: “Qarşıya yeni çağırışlar və tələblər qoyulur. Post-pandemiya dövründə dünya sistemində köklü dəyişikliklərin olacağı istisna edilmir. Sənayedən, təhsilə qədər bütün sektorların fəaliyyət şəkli sürətlə dəyişir, dünyada rəqabət mühiti daha da şiddətlənir. Bu da öz növbəsində rəqəmsallaşma və sənaye 4.0 texnologiyalarının əhəmiyyətini gündən-günə artırır. Bu texnologiyaları mənimsəyən və iş proseslərində tətbiq edən şirkətlər isə rəqabət gücünü artıraraq dayanıqlı iqtisadi inkişafını təmin edə bilir”.

E. Axundzadə bildirib ki, pandemiyanın pik dövründə 4 milyard insan özünü təcrid şəraitində fəaliyyət göstərib: “İstehsalat müəssisələrinin fəaliyyəti əhəmiyyətli dərəcədə yavaşlayıb. Bütün bunlar öz növbəsində dünya ticarətinin zəifləməsinə və iqtisadi böhranın ortaya çıxmasına səbəb oldu. Nəticədə, dünyanın nəhəng transmilli şirkətlərinin gəlirləri kəskin azaldı”.

Ekspert qeyd edib ki, pandemiyadan ən çox təsirlənən sektorlardan biri də şübhəsiz enerji sektoru olub: “Bir çox transmilli enerji şirkətləri investisiya portfelini yenidən gözdən keçirərək kapital və əməliyyat xərclərini kəskin azaltma yoluna getdilər. Bu da, öz növbəsində sözügedən şirkətlərdə və bu şirkətlərin əməkdaşlarında dərin ümidsizlik yaratdı. Ancaq bu dövrü fürsətə çevirməyi bacaran şirkətlər də oldu. Bu şirkətlərin gəlirlərində qısamüddətli dövrdə azalmalar olsa da, uzunmüddətli perspektivdə rəqabət üstünlüklərini artıraraq maliyyə dayanıqlılığını gücləndirə biləcəklər. Bu isə ilk növbədə insan resurslarına qoyulan investisiya ilə mümkün ola bilər. Çünki şirkətlərin maliyyə gücünün əsas predmetini onun insan kapitalı təşkil edir”.

Fəlsəfə doktoru deyir ki, insan faktoru iqtisadi inkişafı şərtləndirən bütün faktorları üstələyir: “Başqa sözlə, bir şirkətin davamlı inkişafını müasir avadanlıqlar yox, məhz o avadanlıqları istifadə edə bilən peşəkar kadrlar təmin edir. Yəni, tərəqqiyə aparan yolun tam mərkəzində insan durur. Dünyada baş verən dəyişikliklərin sürətli şəkildə mənimsənilməsi, istehsalat proseslərində innovativ üsulların tətbiqi, habelə məhsuldarlığın artırılması üçün yalnız yüksək ixtisaslı kadrlar potensialına ehtiyac var. Bu səbəbdən işçilərin daim yeni təlimlərə cəlb edilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi şirkətlərin davamlı inkişafı baxımından olduqca əhəmiyyətlidir. Çünki dünya sürətlə dəyişir. Ancaq bu dəyişikliklərə ayaq uyduran şirkətlər rəqabətə tab gətirə bilir”.

SOCAR-ın da öz növbəsində pandemiya dövründə yeni çağırışlara ən çevik cavab verən şirkətlərdən biri olduğunu vurğulayan E.Axundzadə bildirib ki, hazırda SOCAR-ın əməkdaşlarının əksəriyyəti distant şəkildə öz işlərinə davam edir: “Bu vəziyyət bir çox şirkət üçün məhdudiyyətlər yaratsa da, SOCAR mövcud reallığı fürsətə çevirməyi bacardı. Beləliklə, SOCAR pandemiya dövrünün tələblərinə uyğun olaraq rəqəmsal texnologiyanın üstünlüklərindən faydalanaraq onlayn təlimlərə start verib. Artıq cari ilin ikinci rübündə həyata keçirilən onlayn təlimlərdə 6 minə yaxın SOCAR əməkdaşı cəlb edilib. Bu isə şirkət üzrə ümumi işçilərin 12%-nə bərabərdir. Nəzərə alsaq ki, təlimlər bundan sonra da davam edəcək, deməli bu göstərici növbəti günlərdə daha da yüksələcək”.

Ekspert deyir ki, nəticədə işçilər bu müddəti daha səmərəli dəyərləndirərək müxtəlif mövzularda bilik və bacarıqlarını inkişaf etdirə bilirlər: “Bütün bunlar öz növbəsində həm şirkətdə pandemiya səbəbilə boşdayanmaların qarşısını alır, həm də işçilərin məhsuldarlıqlarını və motivasiyalarını artırır. Çünki, şirkət əgər işçilərinin fərdi inkişafına investisiya qoyursa, bu, işçi və şirkət arasındakı əlaqəni daha da gücləndirir, işçinin şirkətə qarşı loyallığını artırır. Beləliklə, işçi çalışdığı şirkətə daha faydalı olmağa, əlavə dəyər qatmağa çalışır. Bütün bunlar isə öz növbəsində, xərclərin azalmasına və gəlirlərin optimallaşdırılmasına, nəticədə şirkətin dayanıqlı iqtisadi inkişafına dəyərli töhfə verir”.


Mənbə: report.az