Ekspert: “Qarabağ” yatağı idxalı əvəz edəcək sahələrin inkişafına böyük təkan verəcək” - ŞƏRH

  • 19 Mart, 2020 15:49
Ekspert: “Qarabağ” yatağı idxalı əvəz edəcək sahələrin inkişafına böyük təkan verəcək” - ŞƏRH

Bu gün müstəqillik dövründə ilk neft yatağının kəşfi təsdiqləndi. Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” adlanan bu yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov bildirib ki, “Qarabağı” yatağı iqtisadiyyatın diversifikasiyası prosesində daxili istehsalın gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində çox böyük potensial imkanlara malikdir.

Onun sözlərinə görə, yataq Azərbaycanın iqtisadi qüdrətinin artırılmasında mühüm əhəmiyyət kəsb edəcək:

“Qarabağ” yatağı milli iqtisadiyyatın neftlə bağlı olan yeni sahələrinin inkişafına böyük impuls verəcək. Bura yeni iş yerlərinin açılması ilə məşğulluğun təmin olunması, əlavə gəlirlərin əldə edilməsi, idxalı əvəz edəcək sahələrin inkişafı, daxilində dəyər zəncirinin daha da artırılması daxildir. Azərbaycan hökumətinin apardığı iqtisadi siyasət həmişə əlverişli şəraitdən maksimum istifadə etmək yönündə olub. Daha əvvəl obyektiv səbəblərdən neftin ixracından gəlir əldə etmək prioritet idi və bunun sayəsində milli iqtisadiyyatın diversifikasiyası təmin olundu. İndi isə potensial imkanlarımız aşkarlanır, dəqiqləşdirilir və bu imkanları həm də daxili istehsalın inkişafına yönəldə bilirik. Düşünürəm ki, bu iqtisadi siyasət dövrün nəbzinə və Azərbaycanın milli iqtisadi maraqlarına tam şəkildə uyğundur”.

Xatırladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.


Mənbə: report.az