Ekspert: "Logistika bazarında çox ciddi rəqabət var" - RƏY

  • 17 Yanvar, 2020 10:00
Ekspert:

Logistika ideyası son illər kifayət qədər aktuallıq qazanıb. Əsas faktor isə mal və ya xidmətlərin dəyərinə birbaşa təsir edən istehsal və son istehlakçıya çatdırılma prosesindəki xərcləri azaltmaq istəyidir. Bunu da yalnız mal və xidmətlərin bütün hərəkət istiqamətində müxtəlif logistik metodların tətbiqi yolu ilə etmək mümkündür. Dünya praktikasında da bundan geniş istifadə olunur.

Bəs Azərbaycanın logistika bazarındakı durum nədən ibarətdir və bu bazarın perspektivləri necə dəyərləndirilir?

Bu barədə açıqlama verən nəqliyyat və logistika sferasında fəaliyyət göstərən “ScanEX Enterprises Limited” şirkətinin direktoru Kənan Sadıqlı Azərbaycanın logistika bazarında çox ciddi rəqabətin olduğunu deyib:

“Klassik mənada logistika işinin əsasını xammal və materialların alınması, istehsal, məhsulun realizə edilməsi, nəqli və sair kimi müxtəlif fəaliyyət sferaları təşkil edir. İqtisadiyyatımız inkişaf etdikcə logistika əməliyyatlarına tələbat da artır. Bu isə, öz növbəsində, nəqliyyat infrastrukturunun inkişafını səciyələndirir. Belə ki, logistikanın inkişafını ləngidən əsas faktorlardan biri kimi hər zaman geridə qalmış nəqliyyat infrastrukturunun olması qeyd edilir. Azərbaycanda isə xüsusilə son bir neçə ildə, əsasən, dəmir yolu və avtomobil nəqliyyatının inkişafına çox ciddi yatırımlar edilib, quruculuq işləri həyata keçirilib. Nəticədə Azərbaycan faktiki olaraq regional nəqliyyat habına çevrilib. Bu zaman bütün bu yük axınlarının logistik zəncirinin təşkili xüsusi önəm qazanır ki, bu iş də, əsasən, həmin sahədə ixtisaslaşan şirkətlərin üzərinə düşür.

Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Hər hansı şirkətin biznesdəki uğuru özünün fəaliyyətinin nəticəsindən asılı olduğu qədər, partnyorları olan daşıyıcı, ekspeditor, təchizatçı şirkətlərə də bağlıdır. Bu gün üçün onu deyə bilərəm ki, şirkətlər bu cür sinergiyaya xüsusi önəm verməyə başlayıblar. Çünki bu, birbaşa olaraq onların biznesinə bu və ya digər formada təsir edir. Elə yüklər var ki, təyinat yerinə bir gün belə gecikməklə gələ bilməz. Şirkət bu gecikmə nəticəsində əhəmiyyətli itkilərlə qarşılaşmış olur. Bu mənada logistika zəncirinin saat mexanizmi kimi dəqiq işləməsini təmin etmək çox əhəmiyyətlidir. Bütovlükdə bazardakı durumu dəyərləndirmiş olsam, deyə bilərəm ki, burada ciddi rəqabət var. Bu isə, öz növbəsində, keyfiyyətin idarəolunmasını aktuallaşdırır. Müştəri məmnunluğunun təmin olunmasında önə çıxanlar zamanla müqayisəli üstünlüklər əldə edirlər.

Bu gün şirkətlər malların nəqlinin müxtəlif logistik texnologiyalarını tətbiq edirlər. Bunlara intermodal, multimodal, “qapıdan-qapıya” texnologiyası, yüklərin müşahidəsini həyata keçirmək üçün müasir rəqəmsal texnologiyalardan istifadə və sair daxildir.

Bazarın perspektivlərinə gəldikdə isə Azərbaycanda həyata keçirilən meqa layihələr, qeyri-neft sektoruna yatırımlar və onun dinamik inkişafı gələcəkdə logistik xədmətlərə tələbatın artacağına dəlalət edir".