Ekspert: “Azəriqaz” məşğulluğun artırılmasına böyük töhfə verir"

  • 6 Mart, 2020 11:51
Ekspert: “Azəriqaz” məşğulluğun artırılmasına böyük töhfə verir

Qaz təsərrüfatının inkişafı istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə qazlaşdırma səviyyəsi 90%-dən çoxdur.

Ümumiyyətlə, qazlaşdırma prosesi regionların sosial-iqtisadi inkişafı baxımından hansı effektə malikdir?

Bu barədə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli qazlaşdırma prosesinin qeyri-neft sektorunda təsərrüfat subyektlərinin ortaya çıxması ilə işgüzar mühiti canlandırdığını deyib.

"Azərbaycanda qaz təsərrüfatı kifayət qədər yüksək inkişaf səviyyəsinə çatıb. Hər il minlərlə kilometr yeni qaz xətləri çəkilir və əsaslı təmir olunur, əhali və qeyri-əhali qruplarının sayğaclaşma prosesi iri templərlə davam edir. Nəticədə 2019-cu ildə Azərbaycan Prezidentinin “Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyduğu ölkə ərazisinin qazlaşdırılmasının 96 faizə çatdırılması ilə bağlı hədəfə nail olundu.

Ölkənin qazlaşdırılması yönündə “Azəriqaz” tərəfindən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən işlər regionlarda müxtəlif müsbət impulsların formalaşmasını təmin edir. Bura bir tərəfdən yeni iş yerlərinin yaranması, bununla da məşğulluğun artırılması, qeyri-neft sektorunda fəaliyyət göstərəcək təsərrüfat subyektlərinin ortaya çıxması ilə işgüzar mühitin canlanması aiddir. Digər tərəfdən, "mavi yanacağ"ın başqa enerji daşıyıcılarına nisbətən daha ucuz olması əhaliyə istilik xərclərini əhəmiyyətli dərəcədə aşağı salaraq büdcələrinə qənaət etmək imkanı verir. Qazlaşdırma həm də odun yanacağının əldə olunması üçün meşələrin və yaşılıqların qırılmasının qarşısını əhəmiyyətli dərəcədə almaqla ekoloji tarazlığın qorunmasını təmin edir".

“Azəriqaz”da gedən son struktur və kadr islahatlarına münasibət bildirən ekspert bu prosesin müştəri məmnunluğu və xidmət keyfiyyətini yeni inkişaf səviyyəsinə qaldıracağını vurğulayıb.


Mənbə: qaynarinfo.az