Ekspert: “Astara terminalından yükaşırma dəfələrlə artacaq"

  • 20 Fevral, 2020 16:21
Ekspert: “Astara terminalından yükaşırma dəfələrlə artacaq

“Astara terminalının yükaşırma potensialı böyükdür. Bu potensial Astara-Rəşt dəmir yolu xətti işə düşəndən sonra tam reallaşacaq”.

“Finans.az” xəbər verir ki, bunu Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi, dəmir yolu üzrə ekspert Akif Mustafayev deyib.

O xatırladıb ki, Astara terminalının fəaliyyətə başladığı dövr ərzində, yəni 2018-2019-cu illərdə, aşırılan yüklərin ümumi həcmi 700 min tona yaxın olub. 2020-ci ilin yanvar ayında isə, terminal vasitəsilə 38 min tona yaxın yük aşırılıb: "Bu isə təxminən 30% artım deməkdir".

Ekspertin sözlərinə görə, Astaradan Rəştə qədər olan dəmir yolu xəttinin inşası başa çatdıqdan sonra bu marşrutla Şimali Avropadan Fars körfəzinə qədər qatarlar hərəkətdə ola bilər: “Baxmalayar ki, hələ ki, bu məsələ tam həll edilməyib. Rusiyadan gələn yüklər Azərbaycan ərazisindən İrana keçir və İranda Azərbaycanın idarəçiliyində olan terminala buraxılır”.

A.Mustafayev vurğulayıb ki, hazırda Azərbaycanda Rusiya sərhədi istiqamətində yeni avtomobil magistralı inşa edilir: “2019-cu ilin sonunda Azərbaycan-Rusiya sərhədində, Samur çayı üzərində avtomobil körpüsü işə düşdü. Bu da yükdaşımalara təsir edəcək və 2020-ci ildə kəskin artım gözlənilir”.

Xatırladaq ki, hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xətdən ibarət 1800 metr terminaldaxili dəmir yolları çəkilib. Bundan başqa terminalda 1440 kv. m. sahəsi olan, yüklərin aşırılmasında istifadə olunan, platforma inşa edilib. Eyni zamanda terminal daxilində administrativ bina inşa edilib ki, hazırda burada İran İslam Respublikasının gömrük orqanları yerləşdirilib. 2-ci administrativ binanın tikintisi isə hazırda davam etdirilir. Ərazidə müasir təhlükəsizlik və işıqlandırma sistemləri quraşdırılıb. Terminalda, aşırılma əməliyyatlarının aparılması üçün, işlərin operatoru olan “ADY Express” MMC tərəfindən müxtəlif texnika quraşdırılıb: avtokarlar, qaldırıcı kranlar, taxılın aşırılmasında istifadə olunan nasoslar, bitki yağların aşırılmasında istifadə olunan qurğular. Yaxın zamanlarda daha 4 terminaldaxili xəttin tikintisi aparılacaq, mövcud platforma daha da genişləndiriləcək, aşırılma əməliyyatlarının aparıldığı meydançaların sahəsi artırılacaq.


Mənbə: report.az