ƏDV üzrə borc ƏDV depozit hesabından silinə bilərmi?

  • 11 Yanvar, 2019 12:21
ƏDV üzrə borc ƏDV depozit hesabından silinə bilərmi?

"Finans.az" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi vergi borcu barədə bildirişi aldığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət vermədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir.

Vergi ödəyicisi tərəfindən 30 təqvim günü müddətində məhkəməyə və ya Vergilər Nazirliyinə şikayət verildikdə ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcların 105%-i həcmində vəsait depozit hesabında dondurulur və məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun müvafiq tədbirlər görülür.

Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə onun ƏDV-nin depozit hesabından vəsaitinin silinməsi qanunla qadağandır.

Bu barədə Vergi Məcəlləsi, 65.2.3-1-ci, 65.2.3-3-cü və 65.2.3-2-ci maddələrində qeyd olunur.