EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu dəyişdi

  • 29 iyun, 2021 16:06
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu dəyişdi

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda ÜDM artımına dair 2021-ci ildəki proqnozunu 2,5 %-dən 2 %-ədək azaldıb.

“Finans.az” xəbər verir ki, bu barədə Bankın “Regional iqtisadi gözləntiləri” (Regional Economic Prospects) iyun hesabatında qeyd olunur.

“Azərbaycan iqtisadiyyatının tədricən bərpası qeyri-neft sektorların hesabına təmin olunur. Belə ki, COVID-19 pandemiyası, neftin ucuzlaşması, Qarabağdakı müharibə ilə əmələ gələn üçqat şokdan sonra ölkədə ÜDM 2020-ci ildə 4,3 % azalmışdı. O cümlədən neft-qaz sektorundakı 7,2 %-lik azalma iqtisadiyyatın qalan sahələrindəki daha yumşaq tənəzzüllə tarazlanması xeyli dərəcədə geniş dövlət dəstəyi tədbirləri sayəsində də mümkün oldu.

Neftin ucuzlaşması ilə neft gəlirlərinin azalması, habelə OPEC+ sövdələşməsi çərçivəsində hasilatın ixtisarı nəticəsində tədiyyə balansı və büdcə saldolarında qalıq kəsirlə əvəzləndi. Bununla belə dövlət borcu aşağı səviyyədə qalmışdı, hərçənd maliyyə ehtiyacları daxili mənbələrdən, Dövlət Neft Fondunun (SOFAZ) böyük aktivləri hesabına təmin olunurdu.

Qeyri-karbohidrogen sektorları 2021-ci ildə dirçəlməyə başlayaraq ilk 5 ay ərzində illik 4,5 %-lik artım göstərib. Eyni vaxt ərzində 0,8 % artan ÜDM isə neft-qaz hasilatının azalması ilə əngəllənməyə davam edir. Neftə tələbatın artması, neft hasilatının da qarşıdakı aylarda artması ilin ikinci yarısında iqtisadi göstəricilərin yaxşılaşmasına gətirib çıxaracaq. Belə ki, 2021-ci ildə 2 %, 2022-ci ildə də 2,5 %-lik iqtisadi artım gözlənilir”, – deyə hesabatda bildirilir.


Mənbə: report.az