EBRD: 2018-ci ildə Azərbaycanda ÜDM 1,5%, 2019-cu ildə 3,5% artacaq

  • 1 Noyabr, 2018 18:02
EBRD: 2018-ci ildə Azərbaycanda ÜDM 1,5%, 2019-cu ildə 3,5% artacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) bu il Azərbaycanda ÜDM-in 1,5% artacağını proqnozlaşdırır.

"Finans.az" xəbər verir ki, bu barədə EBRD-nin "Regional Economic Prospects" adlı noyabr ayı üzrə hesabatında deyilir.

EBRD-nin proqnozuna əsasən, 2019-cu ildə Azərbaycanda ÜDM 3,5% artacaq.

"Neftin yüksək qiymətləri və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatında artımı dəstəkləyir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 0,8% artıb. Bu artım qeyri-neft sektorunun 1% böyüməsi hesabına baş verib. III rübün nəticələrinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları 44,5 mlrd. dollar təşkil edib ki, bu da 2017-ci ilin sonu ilə müqayisədə 8,2% çoxdur. 2017-ci ilin aprelindən bəri manatın ABŞ dollarına qarşı məzənnəsi sabitdir. 2018-2019-cu illərdə qaz hasilatının və ixracının artması hesabına Azərbaycanda ÜDM-in tədricən artacağı gözlənilir", - deyə hesabatda vurğulanıb.

Hesabatda qeyd olunub ki, Azərbaycanda inflyasiya 2017-ci ildəki 12,9% səviyyəsindən 2,6% səviyyəsinə enib: “Uçot dərəcəsi ilin əvvəlindəki 15%-dən 10%-ə qədər endirilib. Gözlənilir ki, yeni fiskal qaydalar gələn ildən maliyyə intizamını yaxşılaşdıracaq”.

Qeyd edək ki, bu ilin may ayında EBRD 2018-ci ildə Azərbaycanda ÜDM-in 2,5%, 2019-cu ildə isə 3,5% artacağını proqnozlaşdırıb.


Mənbə: report.az