Dünyanın ilk ağıllı robotu Azərbaycan milli geyimini geyinəcək

  • 26 Sentyabr, 2018 17:17
Dünyanın ilk ağıllı robotu Azərbaycan milli geyimini geyinəcək

“İnnovasiyalar həftəsi”nin ən maraqlı tədbirlərindən biri isə “Qlobal İnfluenser Günü” (Global İnfluencer Day) olacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Finans.az”a verilən məlumata görə, “Keepface” platformasının rəhbəri Emin Vəlinin sözlərinə görə, “influencer” sözünün mənası yaratdığı məzmunla geniş izləyici auditoriyası yığan, onları yönləndirmə və inandırma gücünə sahib şəxs və şəxslər qrupudur. E.Vəlinin sözlərinə görə,influenserlər paylaşdıqları maraqlı, faydalı məzmunla yanaşı, sosial media və digər rəqəmli platformalar vasitəsilə hər hansı bir məhsul və ya xidmət barədə təcrübələrini təqibçiləri ilə bölüşərək tanıtma, eləcə də satışın artırılması ilə məşğul olurlar.

“Oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü” maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” Azərbaycana gələcək. Yeri gəlmişkən, qeyd edim ki, “Qlobal İnfluenser Günü” tədbirinin təşkilatçıları “Keepface DMCC” və “FA International Trade Events”dir. Qlobal tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Turizm Agentliyi, ADA Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, “CAMCA network” tərəfindən dəstəklənir. “UBM”, “Leo Burnett Azərbaycan”, “Mediamark”, “Adzone”, “Canvas”, “Times Consulting”, “Alibayov Communication & Consulting”in müxtəlif aspektlərdə kömək etdiyi “Qlobal İnfluenser Günü”nün sponsorları “Astrolabs”,“Azersun”, “Azgranata”, “SATGroup”, “PWC”, “Roof Academy”dir. “Qlobal İnfluenser Günü” tədbirinin biletləri “iTicket.az” satış məntəqələri və saytında satılır”, - deyə E.Vəli vurğulayıb.

“FA International Trade Events”in rəhbəri Nail Babayev “Qlobal İnfluenser Günü”nün təşkilatçılarından biri kimi, tədbirin ən maraqlı qonağı olan dünyanın insanabənzər ilk robotu - “Sofiya” barədə danışıb. O bildirib ki, “Sofiya” indiyədək 40 ölkəyə səfər edib.

“Ağıllı robot insana məxsus 60 təəssüratı (gülmək, yuxulamaq, təəssüflənmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və s.) ifadə etmək bacarığına sahibdir. İngilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində siz “Sofiya”nı Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan milli geyimində izləyə biləcəksiniz”, - deyə N.Babayev vurğulayıb.

“Qlobal İnfluenser Günü” çərçivəsində qeyd edildiyi kimi, müxtəlif ölkələrdən 1 mln.dan çox izləyicisi olan “influenser”lər qatılacaq.Həmin şəxslərin sosial şəbəkələrdə ümumilikdə 30 mln.dan çox təqibçisi var. Biz bu böyük rəqəmdən yararlanaraq “influenser”lər üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent turu təşkil edəcəyik. Bu imkan verəcək ki, “İnnovasiyalar həftəsi” çərçivəsində qlobal arenada da Azərbaycan haqqında məlumatlar paylaşılsın.