Dünya Bankı: Koronavirusla bağlı Azərbaycana yardım ayırmağa hazırıq

  • 19 Mart, 2020 16:33
Dünya Bankı: Koronavirusla bağlı Azərbaycana yardım ayırmağa hazırıq

“Dünya Bankı (WB) koronavirusun (COVID 19) yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycana kredit ayırmağa hazırdır”.

“Finans.az” xəbər verir ki, bankın məlumata görə, Bank həmçinin öz təcrübə, bilik və bacarıqlarını da texniki yardım formasında Azərbaycanla bölüşə bilər: “Əgər Azərbaycan tərəfi müraciət edərsə, biz ona yardım ayıra bilərik. Məsələnin həssaslığını nəzərə alaraq ayrılan kreditin Direktorlar Şurasına çıxmadan region üzrə cavabdeh vitse-prezidentin imzası ilə tezləşməsinə nail olmaq mümkündür”.

Qeyd edək ki, Dünya Bankının Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti vəzifəsini Siril Müller (Cyril Muller) icra edir.

Xatırladaq ki, WB koronavirusla əlaqədar olaraq, 14 milyard ABŞ dolları dəyərində maliyyə fondu ayırıb. Məlumata görə, bununla da Dünya Bankının törəmə təşkilatı - Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl şirkətlərə və onların işçilərinə dəstək olmaq üçün ümumilikdə 8 milyard ABŞ dolları məbləğində maliyyəyə sahib olub.


Mənbə: report.az