Dünya Bankı Azərbaycana kredit ayıracaq - HAZIRLIQLAR APARILIR

  • 24 Yanvar, 2020 17:01
Dünya Bankı Azərbaycana kredit ayıracaq - HAZIRLIQLAR APARILIR

Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsinin həyata keçirilməsinə 50 miyon dollarlıq əlavə kredit ayıracaq Dünya Bankı (DB) layihənin detallı şəkildə hazırlanması ilə bağlı nümayəndə heyətini Bakıya ezam edib.

“Finans.az” xəbər verir ki, DB-nın Bakı nümayəndəliyinin məlumatına görə, nümayəndə heyətinə layihə rəhbəri Eva Melis başçılıq edir. Hazırda DB ekspertləri tərəfindən layihənin texniki müddəaları üzərində iş aparıldığı da qeyd olunub.

Ölkədə ədliyyə və məhkəmə sistemindəki islahatları dəstəkləmək məqsədilə Dünya Bankı Azərbaycana indiyədək üç kredit ayırıb. Onlardan birincisi 21,6 milyon dollar məbləğində 2006-cı ildə, ikincisi 33,4 milyon dollar məbləğində 2011-ci ildə, üçüncüsü isə 100 milyon dollar məbləğində olan kredit 2014-cü ildə təsdiqlənib.

Sözügedən layihə çərçivəsində DB məhkəmə infrastrukturunun yenilənməsi, elektron xidmətlərinin inkişafı, mübahisələri həll etmək, sahibkarlıq fəaliyyətlərini yoxlamaq sahəsində daha səmərəli sistemin tətbiqi, məhkəmə sisteminin şəffaflaşdırılması, vətəndaşlara, o cümlədən məcburi köçkünlərə və ucqar bölgələrin sakinlərinə göstərilən hüquqi yardım xidmətlərinin təkmilləşdirilməsi kimi məsələlərdə yardım göstərilib.

Layihə üçün 50 milyon dollarlıq yeni kreditin bu il təsdiqlənəcəyi gözlənilir.

Bütövlükdə Azərbaycanla DB arasında 1995-ci ildən etibarən davam edən əməkdaşlıq çərçivəsində bank tərəıfindən 41,586 mln dollar məbləğində 45 qrant və 50-dən artıq layihənin həyata keçirilməsi üçün 3 milyard dollardan artıq kreditlər ayrılıb.


Mənbə: report.az