Deputat: "Mübariz Mənsimovla bağlı məsələ SOCAR-ın fəaliyyətinə aid olmayan məsələdir"

  • 18 Mart, 2020 16:00
Deputat:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu gün ölkə iqtisadiyyatında mühüm rol oynayan iri şirkətlərdən biridir.

Mən heç inanmıram ki, Azərbaycan iqtisadiyyatında belə mühüm rola malik, xarici ölkələrdə Azərbaycanın investisiya qoyuluşunu həyata keçirən şirkət və iri qurum hər hansı bir iş adamı ilə bağlı sifariş etsin. Bu, heç cür inandırıcı deyil.

Bunu millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, bu, bütövlükdə SOCAR-ın fəaliyyətinə aid olmayan bir məsələdir.

Millət vəkili bildirib ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən həbs edilib: "Mənim də ilkin olaraq mətbuatdan eşitdiyim odur ki, o, FETÖ ilə bağlı istintaqa cəlb edilib".

A.Hüseynov qeyd edib ki, Türkiyə Azərbaycanın qardaş dövlətidir: "Bu dövlətin hüquq-mühafizə, eləcə də məhkəmə orqanlarına çox böyük hörmətimiz var. Bilirik ki, onlar ədalətli qərar çıxaracaqlar. Bu gün oradakı hər hansı bir prosesi burada gümanla, yoxumla, ehtimallarla qurmaq olmaz. Məhkəmə işləri ehtimallar üzərində və kimlərinsə şəxsi düşüncəsi üzərində qurulmur. Bunun üçün biz Türkiyə hökuməti və dövləti, hüquq məhkəmə sisteminin çıxardığı qərarla razılaşmalıyıq".

Deputat deyir ki, əgər bir şəxs qanunu pozubsa, həmin şəxs istintaqa cəlb edilir, həmin məsələ araşdırılır: "Əminəm ki, ədalətli qərar çıxarılacaq. Biz bu qərara da hörmətlə yanaşmalıyıq".

Qeyd edək ki, bu həftə Türkiyədə FETÖ ittihamı ilə saxlanılan Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib. Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə SOCAR-ın adı hallandırılıb. Bu məsələ ilə bağlı SOCAR-ın açıqlamasında qeyd edilib ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur. "Mübariz Mənsimovun Türkiyədə saxlanılması, əksinə, onun London və Dubaydakı arbitraj proseslərində iştirakını əngəlləyərək, onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər. 2018-ci ildən bəri SOCAR tərəfindən "Palmali" qrupuna qarşı başladığı arbitraj prosedurlarının uzanması SOCAR-ın maliyyə balansına, əmlak hüquqlarına və qeyri-əmlak maraqlarına mənfi təsir göstərə bilər və buna görə SOCAR-ın kommersiya marağında ola bilməz",- açıqlamada qeyd edilib.

SOCAR Türkiyə Cümhuriyyətinin ədliyyə sisteminin effektivliyinə inanır və məhkəmə proseslərinə müdaxilə ehtimallarını birmənalı şəkildə təkzib edir.


Mənbə: sonxeber.az