Deputat: "1% əməkhaqqı artırsa, əmək məhsuldarlığı ondan çox artmalıdır"

  • 21 İyun, 2019 13:16
Deputat:

"Azərbaycanda əməkhaqqının ÜDM-də çəkisi çox aşağıdır, cəmi 16-17% təşkil edir".

“Finans.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı komitə sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, görülmüş tədbirlər nəticəsində əməkhaqqının xüsusi çəkisi 20%-ə qalxıb.

“Pul gəlirlərinin tərkibində də əməkhaqqının çəkisi aşağıdır. Bu bizə imkan vermir ki, vacib bir sıra proporsiyaları düzgün təhlil edək. Sovet sistemində əmək məhsuldarlığı əməkhaqqının artımı arasında konkret əlaqə məndə var. Hesablamalara görə, 1% əməkhaqqı artmalıdırsa demək əmək məhsuldarlığı ondan çox artmalıdır. Əmək məhsuldarlığının əməkhaqqından üstün artması əsas qanunlardandır. Bu gün bu sistemi formalaşdırmaq üçün kifayət qədər baza yoxdur. Təklif edirəm ki, əmək məhsuldarlığını hesablamaq üçün göstəricilər olsun. Sosial sahədə yeni əlavə dəyər yaranmır, xidmət yaranmır. Yaranır, amma biz onu necə edirik? Təhsil işçilərin əməkhaqqını artırırıq, bu lazımdır, lakin bunun səmərəliliyini necə ölçək? Keyfiyyət olmalıdır, yüksək ballar və nəticə olmalıdır. Texnoparklar üzrə, maşınqayırma, dəmir yolları, kənd təsərrüfatı üzrə hesablamaq olar”, - Z.Səmədzadə əlavə edib.

Deputat Ziyad Səmədzadə

1% əməkhaqqı artmalıdırsa, demək əmək məhsuldarlığı ondan çox artmalıdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları və yeni qanunvericilik təşəbbüsü 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verib. Sosial sahədə olan bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə 660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılacaq.

"Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq ki, bununla həm də minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş olacaq. Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması təmin ediləcək. Bununla əlaqədar qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub. Bu artım 660 min pensiyaçını əhatə edəcək.


Mənbə: report.az