"Dəmir Yolları sərnişinlərin böyük hissəsini özünə cəlb edəcək"

  • 3 Fevral, 2020 12:37

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə bu gündən Bakı-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarların və müvafiq olaraq reyslərin sayını artırır.

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev qatarların və reyslərin sayının artırılmasını əhəmiyyətli hal hesab edib.

Onun sözlərinə görə, bu, pik saatlarda hərəkət intervalını azaldmağa imkan verəcək: “Məsələ ondan ibarət idi ki, Bakı-Pirşağı-Bakı reysi açılandan sonra qatarların sayı ilə əlaqədar formalaşan qrafik Pirşağı, Zabrat və ya Məhəmmədidən səhər saatlarında əsasən iş və təhsillə əlaqədar Bakıya gələn sərnişin üçün çox az alternativlər yaradırdı. İndi yeni qatarların alınması ilə reyslərin sayı artırılacaq. Bu da ən azından pik saatlarda qatarlararası hərəkət intervalını azaltmaqla sərnişinlərə əlverişli qrafik seçimində yeni imkanlar açır".

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev:

"Səyahətin təhlükəsizliyi baxımından isə dəmir yolunun demək olar ki alternativi yoxdur"

Ekspert bildirib ki, həqiqətən də insanlar elektrik qatarlardan istifadə etməkdən maraqlıdırlar: "Sənişindaşımanın bu növünə böyük tələbat var. Bu, bir tərəfdən onunla əlaqədardır ki, sərnişin qatarla mənzil başına tez çatır, burada olan rahatçılıq səviyyəsi avtobusla müqasiyə olunmayacaq dərəcədə yüksəkdir. Xərc baxımından da avtobusla təxminən eynidir. Digər tərəfdən əvəllcədən bəlli qrafiklə işlədiyi üçün etibarlı nəqliyyat vasitəsitidir. Səyahətin təhlükəsizliyi baxımından isə dəmir yolunun demək olar, alternativi yoxdur".

"Sərnişin daşınmasında bu nəqliyyat vasitəsinin Azərbaycanda potensial imkanları əslində daha böyükdür və müvafiq amillər təmin olunacağı təqdirdə dəmir yoluna daha çox sərnişinin cəlb etmək mümkün olacaq. Bunun üçün əvvəlcə insanların digər nəqliyyat növlərindən dəmir yoluna transferi maksimal dərəcədə tez və rahat başa gəlməlidir. Nəqliyyatın digər növləri dəmir yoluna bu işdə dəstək olmalıdır. Bununla rəqabət mühitində olmamalıdır. Əksinə, biri-birini tamamlayaraq qarşılıqlı fəaliyyət göstərməlidir. Belə olan halda dəmir yolu nəqliyatına daha böyük tələb yaranacaq”, - H.Abdullayev diqqətə çatdırıb.


Mənbə: marja.az