Debet kartları ilə əməliyyatların həcmi 52% artıb - Azərbaycanda

  • 5 May, 2020 15:07
Debet kartları ilə əməliyyatların həcmi 52% artıb - Azərbaycanda

Azərbaycanda dövriyyədə olan debet kartları ilə bu ilin mart ayı ərzində 2,512 mlrd. manat həcmində əməliyyat həyata keçirilib.

"Finans.az"ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 21,4% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 51,7% artım qeydə alınıb.

Mart ayı ərzində debet kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatların 1,918 mlrd. manatı ATM, 240 mln. manatı POS-terminallar vasitəsilə həyata keçirilib, 268 mln. manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 2,426 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 23% artım deməkdir.

AMB-nin məlumatına əsasən, ölkə xaricində debet kartları ilə hesabat ayında 85 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə və əvvəlki ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə 10,5% azalıb.

Qeyd edək ki, cari ilin aprelin 1-nə Azərbaycanda 6 925 min ədəd debet kartı olub.


Mənbə: apa.az