Daha bir yanğınsöndürmə gəmisinin təmiri başa çatdırılıb

  • 14 Fevral, 2019 17:00
Daha bir yanğınsöndürmə gəmisinin təmiri başa çatdırılıb

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Vixr-8” yanğınsöndürmə gəmisinin əsaslı təmiri başa çatıb.

QSC-dən “Finans.az”a verilən məlumata görə, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.

Proses zamanı gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri təmir edilib. Bundan başqa, heyətin yaşayış və xidməti otaqları, sanitar qovşaqlar yenilənib. Gəmidə iki ədəd yeni hava kompressoru quraşdırılıb, val və sükan altı qurğuları təmir edilib.

Vixr-8” gəmisi tərsanəyə qaldırılaraq gövdəsi təmizlənib və rənglənib.

Gəminin mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra onun dəniz sınağı həyata keçirilib. Sınaq uğurla başa çatdırılıb və gəmi yenidən istismara qaytarılıb.