CNG ekoloji, sərfəli yanacaq növü kimi - RƏY

  • 25 Dekabr, 2019 10:45
CNG ekoloji, sərfəli yanacaq növü kimi - RƏY

Dünyanın bir çox ölkəsində CNG-dən (“compressed natural gas” - Sıxılmış təbii qaz) istifadə sürətlə yayılmaqdadır.

Hazırda dünyada 30 milyon ədəd CNG ilə işləyən nəqliyyat vasitəsi var. Proqnozlara görə, 2030-cu illərdə bu rəqəm 100 milyona çatdırılacaq. Çin, İran, Pakistan, İtaliya kimi ölkələr CNG istifadəsində ilk onluqdadır.

CNG ilə işləyən avtomobillərin coğrafiyası genişlənməkdə davam edir. Fransada ictimai nəqliyyatın hamısı CNG-yə keçib. 2030-cu ildə ABŞ-da kommersiya nəqliyyat vasitələrinin üçdə biri CNG-yə keçməyi planlaşdırır.

Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda CNG 2015-ci ildən etibarən ictimai nəqliyyatda istifadə edilir, 2018-ci ildən isə yanacaqdoldurma şəbəkəsi vasitəsi ilə pərakəndə satılır.

Dünyada olduğu kimi Azərbaycanda da nəqliyyat vasitələrində yanacaq kimi CNG-dən istifadə artır. Belə ki, bu ilin yanvar-oktyabr aylarında CNG satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC 17,4 mln. kubmetr CNG satıb ki, bu həcmin 2 mln. kubmetri və yaxud təxminən 11%-i pərakəndə qaydada satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 6 dəfədən çox artıb. Ötən həftə “SOCAR Petroleum” mövcud yanacaqdoldurma məntəqələrində daha 4 CNG məntəqəsini istifadəyə verib. Yeni açılan məntəqələrlə birlikdə artıq SOCAR-ın 9 yanacaqdoldurma məntəqəsində CNG satışı həyata keçirilir. Şirkətdən verilən məlumata görə, inkişaf planına uyğun olaraq yaxın zamanda əlavə 12 CNG məntəqəsinin istismara verilməsi və şəbəkəyə daxil olan məntəqələrin sayının 21-ə çatdırılması planlaşdırılır.

CNG-nin Azərbaycanda əsas istifadəçilərindən biri "BakuBus MMC"-dir.

“CNG-nin pərakəndə satış qiyməti bir kubmetr (1 litr benzinin təqribi ekvivalenti) üçün 0,45 manat təşkil edir.

Bəs CNG-nin hansı üstünlükləri var?

Öncə qeyd edək ki, CNG təbii qazın 200 bar təzyiq altında sıxılmış formasıdır, 95% metandan ibarətdir.

Mütəxəssislər bildirir ki, bu yanacaq növü ekoloji cəhətdən ən təmiz yanacaq növlərindəndir, onun təbiətə ziyanı digərləri ilə müqayisədə demək olar ki, sıfırdır.

Digər yanacaq növlərinə nisbətən təbii qaz azotu 70-90%, karbon monoksidi 60-70%, karbon dioksidi isə 20-30% daha az emisiya edir. Təbii qazda kükürd olmadığından kükürd oksidləri yaranmır. Bu da, öz növbəsində mühərrikin metal səthlərinin aşınmasının qarşısını alır. Bu yanacağın keyfiyyətləri daxili yanma mühərriklərinin istismar və yağdəyişmə müddətinin uzadılmasına və yağdəyişmə xərclərinin azaldılmasına imkan verir.

Hesablamalara görə, Azərbaycanda avtomobillərin 10%-i CNG yanacağına keçsə, havaya atılan karbon qazlarının həcmini ildə 560 min ton azaltmaq mümkün olar. Bu isə ümumi karbon qazlarının 2%-i deməkdir.

Hazırda yeganə yanacaqdır ki, emal edilməmiş halda havaya buraxılarkən Avro 5 ekoloji standarlarının tələblərinə cavab verir.

Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov

“CNG ekoloji cəhətdən sərfəli yanacaqdır”.

Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, CNG digər yanacaq növləri ilə müqayisədə istehsalı da asandır:

“CNG-nin əsas tərkibi metan (CH4) qazıdır. Metan kimyəvi tərkibi ən sadə olan qazdır. Ona görə də daha əlverişlidir. CNG yananda faydalı iş əmsalı daha yüksək olur, daha təhlükəsizdir, onun emalı, əldə olunması çox asandır. CNG istehsal etmək üçün böyük zavoda ehtiyac yoxdur. Qaz xətti yanacaqdoldurma məntəqəsinə çəkilir, xüsusi qurğular vasitəsilə yüksək təzyiq altında sıxılaraq mayeləşdirilir”.

O qeyd edib ki, CNG ekoloji cəhətdən də daha sərfəlidir. “Bu xüsusilə önəmlidir. Karbohidrogen kimi molekulu çox sadə olduğundan yanma məhsulları az zərərlidir.Onun tərkibində kükürd birləşmələri yoxdur, azot birləşmələri minimumdur. Yanma yaxşı getdiyinə görə dəm qazı çox cüzi olur. Faydalı iş əmsalı yaxşı olduğuna görə istixana qazı effekti azdır”.

Ekspert bunlarla yanaşı, CNG-nin ucuz olması baxımından da sərfəli olduğunu vurğulayıb.


Mənbə: report.az