Çinin İpək Yolu Fondu Azərbaycana sərmayə yatırmaqda maraqlıdır

  • 11 İyul, 2019 08:57
Çinin İpək Yolu Fondu Azərbaycana sərmayə yatırmaqda maraqlıdır

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Finans.az" SOCAR-a istinadən xəbər verir ki, qonaqları salamlayan SOCAR-ın prezidenti Çinin İpək Yolu Fondunun böyük investisiya imkanlarından danışıb və bu sərmayənin bütün dünyanın inkişafına töhfə verə biləcəyini vurğulayıb.

İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjun səmimi qəbul üçün təşəkkürünü bildirib, hazırda Fondun maliyyə imkanlarının genişləndirilməsindən, həmçinin müxtəlif sahələrə sərmayə qoymaqda maraqlı olduqlarından bəhs edib. Fondun müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirən Yan Zedjun bu istiqamətdə Azərbaycanla da əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Fond rəhbəri SOCAR-ın fəaliyyətini yaxından izlədiklərini, şirkətin inkişaf konsepsiyası ilə tanış olduqlarını diqqətə çatdırıb.

Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqqında qonaqları məlumatlandırıb, gələcəkdə həyata keçiriləcək enerji layihələrində Çinlə əməkdaşlıq perspektivlərindən söz açıb.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.