Çin şirkətləri Azərbaycana 832 milyon dollar investisiya yatırıb

  • 27 Noyabr, 2019 16:50
Çin şirkətləri Azərbaycana 832 milyon dollar investisiya yatırıb

Bakıda Azərbaycan və Çinin Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib.

"Finans.az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, İqtisadiyyat nazirinin müavini, Azərbaycan və Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun həmsədri Niyazi Səfərov Azərbaycan-Çin əlaqələrinin inkişaf etdiyini, ölkəmizin Çində ticarət nümayəndəsinin, Lucouda Azərbaycan Ticarət Evinin, Urumçidə və Şanxayda Azərbaycan şərab evlərinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, Azərbaycanda bank, sığorta, kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, xidmət sahələrində 120-dək Çin kapitallı şirkət qeydiyyatda keçib. Çin şirkətləri Azərbaycan iqtisadiyyatına 832 milyon dollar investisiya yatırıblar.

Nazir müavini ikitərəfli əməkdaşlıqda qarşılıqlı ticarətin əhəmiyyətini vurğulayıb, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin 55%-nin Azərbaycanın payına düşdüyünü qeyd edib.

Sincan-Uyğur Muxtar Rayonunun Xalq Hökumətinin sədr müavini Çjao Çunzyu ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, iqtisad-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

İclasda İşçi Qrupun sonuncu iclasından keçən dövr ərzində görülən işlər və qarşıdakı dövr üçün əməkdaşlığın inkişafı üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Tədbir çərçivəsində Azərbaycan və Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəd kənd təsərrüfatı, nəqliyyat, ticarət, energetika, səhiyyə, təhsil, turizm, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinı ehtiva edir.

Azərbaycana səfər çərçivəsində çinli qonaqlar Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.