Çin Azərbaycana humanitar yardım göndərdi

  • 7 Aprel, 2020 15:56
Çin Azərbaycana humanitar yardım göndərdi

Çin Xalq Respublikasının Cek Ma Fondu və Alibaba Fondu COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana tibbi humanitar yardım göndərib.

Bu barədə "Finans.az"a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, humanitar yardıma tibbi maska, test dəsti, xüsusi qoruyucu geyim, süni tənəffüs aparatı və məsafədən yoxlayan termometrlər daxildir.

"Hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəylik nümayiş etdirir. ÇXR-in bu yaxınlarda Azərbaycana COVID-19 infeksiyasının müəyyən olunması üçün test dəstləri hədiyyə etməsi bu dostluğun bariz nümunəsidir. Azərbaycan da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirib, ona kömək məqsədilə maddi və mənəvi dəstəyini əsirgəməyib", - deyə məlumatda bildirilib.