Cəbhə zonasında qazın verilişi bərpa olunub

  • 7 Oktyabr, 2020 13:24
Cəbhə zonasında qazın verilişi bərpa olunub

Cəbhə zonasındakı gərgin vəziyyətlə bağlı qaz təchizatı məhdudlaşdırılan bəzi ərazilərdə qazın verilişi bərpa olunub.

Bu barədə “Finans.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, bu gün saat 09:00-dan etibarən Füzuli rayonunun 5 yaşayış məntəqəsinə (Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Mirzənağılı, Əhmədalılar və Qazaxlar kəndləri) təbii qazın verilməsi təmin edilib.

Hazırda Beyləqan və Bərdə rayonları tam olaraq qazla təmin edilir.

Ağdam rayonu üzrə isə 6 yaşayış məntəqəsi təbii qazla təmin edilməkdədir. Digərlərində müvəqqəti olaraq qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı tam olaraq məhdudlaşdırılıb.