Bu sistemlə traktorlar sürücüsüz idarə oluna biləcək - Azərbaycanda

  • 10 İyul, 2019 16:04
Bu sistemlə traktorlar sürücüsüz idarə oluna biləcək - Azərbaycanda

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş AZPOS-Real Time GNSS xidməti kənd təsərrüfatı, tikinti, neft sənayesi, nəqliyyatın intellektual idarə edilməsi və digər sahələr üçün nəzərdə tutulub.

Yeni sistem Azərbaycan Respublikasının ərazisində real vaxtda üfüqi səviyyədə ± 2 sm və şaquli səviyyədə ± 4 sm dəqiqliklə mövqeyi göstərməyə imkan verir. "Finans.az" xəbər verir ki, AZPOS sisteminin üstünlükləri və tətbiq olunması imkanları ilə bağlı sualları ƏMDK-nin yanında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin «Coğrafi mövqeləndirmə şəbəkəsinin idarə olunması» şöbəsinin müdiri Aidə Qasımova cavablandırıb.


- Aidə xanım, komitənin tətbiq etdiyi yeni sistemin istifadəçiləri kimlərdir? Bu sistem iş adamlarına nə imkanlar yaradır və biznes bu sistemdən necə yararlana bilər?

- Hazırda bizim bu sistem üzrə əməkdaşlıq etdiyimiz 300-dən artıq istifadəçi var. Bunlar müxtəlif sektorları təmsil edən hüquqi və fiziki şəxslərdir. Eyni zamanda demək olar bütün dövlət təşkilatları, məsələn «Azərsu» ASC, «Azərenerji» ASC, Dövlət Dəmiryolları və eyni zamanda özəl müəssisələr bizimlə əməkdaşlıq edirlər.

- İstifadəçiləriniz əsasən hansı sahələrdə fəaliyyət göstərirlər?

- Bu istifadəçilər tikinti-inşaat, yol inşaatı, boru nəqliyyatı, su təchizatı sektorlarını təmsil edirlər.

- Aidə xanım, bina inşa edən şirkətlər sizin xidmətlərdən necə faydalanırlar?

- Bu saat müasir texnologiyada tikinti işlərinin aparılması üçün coğrafi koordinatları dəqiq bilmək tələb olunur. Tikinti hansı ərazidədir, həmin ərazinin dəqiq koordinatları və sair.

- Gəlin bunu misalla izah edək. Tikinti şirkəti müəyyən ərazini alıb, ərazinin ölçüləri artıq məlumdur, layihə mövcuddur. Bu şirkət sizin sistemdən necə faydalanacaq?

- Tikinti prosesində bütün bölmələrin dəqiq koordinatlara və ölçmə işlərinə ehtiyacı var. Bizim xidmət isə çox dəqiq koordinatlar verir. Məsələn, boru nəqliyyatında boruların keçdiyi yerlərin dəqiq koordinatının olması çox vacibdir. Tikinti sektoruna da belə dəqiq məlumatlar çox vacibdir. Məsələn, bizim istifadəçimiz olan xarici şirkətlərdən biri bütün respublika üzrə kanalizasiya quyularının qapaqlarının dəqiq yerini müəyyən edirdi.

- Sizin sistemdə koordinatlar üzrə buraxıla bilən xətalar nə qədərdir?

- Maksimum 2 santimetr, çox dəqiqdir. Bu dünyada məşhur olan Cord sistemidir. Müqayisə üçün bildirim ki, bizim telefonlarda da koordinasiya sistemi var, biz bununla harada olduğumuzu bilirik. Amma bu sistemlərdə 3-5 metr və ya 10 metrlik xəta ola bilər. Bizim sistemin üstünlüyü isə ondadır ki, o həmin bu koordinasiya sistemindəki xətaları bizim stansiyalar vasitəsilə korreksiya edib, ən dəqiq koordinatları verir.

- Sizin sistem ölkənin bütün ərazisini əhatə edirmi?

- Bəli, Dağlıq Qarabağ və Naxçıvan MR ərazisi istisna olmaqla ölkənin bütün ərazisində işləyir.

- Sizcə sizin təqdim etdiyiniz sistem və onun imkanları potensial olaraq başqa hansı biznes sahələrinə maraqlı ola bilər?

- Potensial olaraq iki böyük sahə var. Bunlardan biri kənd təsərrüfatı, digəri monitorinqdir. Bu xidmət bütün dünyada geniş yayılıb. Məsələn, platformaların hərəkətlərinin izlənilməsi və sair bununla həyata keçirilir. Bizim ölkəmizin ərazisində isə xüsusilə yeni tikillilərdə, məsələn bina tikintisində monitorinq xidməti vacibdir və bizim sistem vasitəsilə tətbiq edilə bilər.

- Monitorinq xidməti deyəndə nəyi nəzərdə tutursunuz?

- Baxın, tikintiyə nəzarət etmək üçün kameralar qoyulur və onların vasitəsilə tikintidəki vəziyyətə uzaqdan nəzarət etmək mümkün olur. Binada baş verən hər an izlənir, hansısa tektonik təkan, deformasiya və sairə barədə məlumat istifadəçinin telefonuna göndərilir.

- Bu bahalı xidmətdir?

- Xeyr, bu sahədəki ənənəvi xidmət haqlarından çox da fərqlənmir.

- Bəs AzPOS sisteminin imkanları aqrar sahədə necə istifadə oluna bilər?

- Bu - çox maraqlı, həm də faydalı xidmətdir. Elə bir qeyri-adi tələb də yoxdur. Hansısa bir kənd təsərrüfatı texnikasına, məsələn kombayna ötürücü və monitor qoyulur. Həmin texnikanın işləyəcəyi sahə də sistemə daxil edilir. Artıq həmin texnika əvvəlcədən verilən trayektoriya üzrə hərəkət edir. Daha sadə başa düşülən olması üçün deyək ki, bir sahədir, onun şumlanması lazımdır və bu iş traktorla həyata keçiriləcək. Bu zaman traktora ötürücü qurğu və monitor quraşdırılır. Nəticədə, sürücü artıq bu monitora baxmaqla haradan hərəkət etməli olduğunu bilir.

- Bu xidmətin əhəmiyyəti nədədir, belə dəqiqlik niyə vacibdir?

- Baxın, kənd təsərrüfatında müxtəlif işlər var, bəzən texnika müxtəlif bitkilərin olduğu ərazidə işləməlidir amma əkin cığırlarını əzməməlidir. Bu cığırların arasında da məsafə bəzən çox kiçik - 2-3 santimetr olur. Belə yerdə traktorun dəqiq işləməsi çox vacibdir. Bundan şumlama, suvarma, dərmanlanma işlərində istifadə etmək olar.

- Yəni trakotr 2-3 santimetr səhv etsə, bitkiləri əzə bilər, eləmi?

- Bəli, elə ona görə bu dəqiq sistemdir ki, üstünlükdən istifadə etsinlər. Amma bu sistemin başqa maraqlı bir xüsusiyyəti də var.

– Bu hansı üstünlükdür?

- Bu sistem imkan verir ki, traktor ümumiyyətlə sürücüsüz idarə olunsun. Yəni istifadəçi istəyərsə və onun maliyyə vəziyyəti imkan verirsə, o robot texnikası alır, traktor da belə idarə olunur. Bizim sistem traktora dəqiq hərəkət trayektoriyası verir, onun haradan necə dönəcəyi ilə bağlı tam dəqiq məlumat göndərir.

- Əgər düz başa düşdümsə, indi traktorun necə hərəkət etməsini sürücü müəyyən edir, haradan dönməlidir, hansı sahəni şumlamalıdır və sair. Sizin variantda isə bunu sistem müəyyən edəcək?

- Bəli, bizim sistem bu texnikaya uyğun olaraq müəyyən trayektoriya verəcək. Bu zaman iş həm dəqiq görüləcək, şumlanmamış sahə qalmayacaq, həm də təkrar şumlanmaya yol verilməyəcək. Yəni istifadəçinin vəsaitləri səmərəli xərclənəcək.