Bu qurumda vətəndaşların müraciət və qəbulları birbaşa canlı bağlantı ilə aparılacaq

  • 23 Avqust, 2019 14:00
Bu qurumda vətəndaşların müraciət və qəbulları birbaşa canlı bağlantı ilə aparılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi ənənəsinə sadiq qalaraq daha bir yeniliyə imza atıb. Belə ki, artıq vətəndaş müraciətləri və qəbullar, komitənin regional qurumlarına nəzarət birbaşa canlı bağlantı ilə də aparılacaq.

"Finans.az" Komitənin məlumatına istinadən xəbər verir ki, 23 avqust tarixində təqdimatı keçirilən yeni layihə vasitəsilə vətəndaşlarla birbaşa olaraq onlayn şəkildə qəbullar təşkil edilib və onları maraqlandıran bütün suallar canlı şəkildə cavablandırılıb.

Təqdimat zamanı Lənkəran və Qəbələ ərazi dairələrindən olan vətəndaşların komitəyə gəlmədən virtual olaraq müraciətləri dinlənilmişdir. Komitənin rəhbərliyi tərəfindən vətəndaşların müraciətləri operativ cavablandırılmış və həlli ilə bağlı yerli qurumlara tapşırıqlar verilmişdir. Bu da vətəndaşların müvafiq bölgədən komitəyə gəlməsi, uzaq məsafə qət etməsi kimi məsələlərin aradan qaldırılmasına imkan verməklə, onların məmnunluğuna səbəb olmuşdur.

Gələcəkdə vətəndaşların xüsusi proqram vasitəsilə birbaşa komitənin rəhbər işçilərinə bilavasitə müraciət etmələri təmin olunacaqdır.

Layihənin digər unikallığı Komitə ilə regional qurumların fəaliyyətlərinə canlı bağlanmaqla nəzarət etmək, virtual konfransları keçirmək, baş verən hadisələrə tez bir zamanda reaksiya verməkdir. Həmin gün komitənin ərazi şöbələri ilə virtual iclas təşkil olunubdur. Mövcud vəziyyətlə bağlı operativ məlumat əldə edilib. Qeyd edilməlidir ki, bu layihə vasitəsilə dövlət əmlakından və torpaqlardan istifadə vəziyyəti öyrənilir və qanunvericiliyin pozulması hallarının operativ həll edilməsi təmin edilir. Görülən işlərlə bağlı komitənin regional ofislərində hazırlanan hesabatlar elektron qaydada göndəriləcək, nəticələr barədə müzakirələr canlı bağlantı ilə virtual iclas formasında aparılacaqdır. Bununla da yeni layihə görülən işlərdə çevikliyi artırmaqla, işçilərin ezamiyyə xərclərinin azaldılmasına və xərclərə qənaət edilməsinə imkan verəcəkdir.

Məlumat üçün bildirək ki, virtual vətəndaş qəbullarının keçiriləcəyi yer və tarix, o cümlədən vətəndaşları qəbul edəcək şəxslərin siyahısı Komitənin rəsmi saytında (emdk.gov.az) “Vətəndaşlar üçün” bölməsinin “Qəbul qrafiki” altbölməsində yerləşdiriləcək.