Bu ölkənin Azərbaycana qoyduğu investisiya 800 mln. dollardır

  • 21 Noyabr, 2018 11:11
Bu ölkənin Azərbaycana qoyduğu investisiya 800 mln. dollardır

"Çin şirkətləri Azərbaycana 800 mln. dollara yaxın investisiya yatırıblar".

İqtisadiyyat Nazirliyindən “Finans.az”a verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Çinin “Global Times” jurnalına müsahibəsi zamanı bildirib. Nazirin sözlərinə görə, Azərbaycanda 112 Çin kapitallı şirkət fəaliyyət göstərir.

“Məsələn, Azərbaycanda 3 sement zavodunun tikintisi Çinin podratçı şirkətləri tərəfindən uğurla icra edilib. Çin şirkətlərinin Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitindən səmərəli istifadə edəcəklərinə ümidvarıq. Azərbaycan Hökuməti də Çin şirkətləri tərəfindən ölkəmizə yatırılan sərmayələrə dəstək verəcək”, - deyə nazir əlavə edib.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycan turizm sahəsində də Çinlə əməkdaşlıq edir: “İki ölkə arasında birbaşa aviareyslər mövcuddur və Çin vətəndaşlarına ölkəmizə gələrkən hava limanında vizalar təqdim olunur. Təsadüfi deyildir ki, Azərbaycana səfər edən çinli turistlərin sayı ötən illə müqayisədə 62 faiz artıb. Hesab edirik ki, bu sahədə əməkdaşlığın inkişafı üçün daha geniş potensial mövcuddur”.