Bu il qızıl 1 350 1 400 dollar/unsiyaya qədər bahalaşa bilər - ANALİTİKA

  • 7 Yanvar, 2019 16:09
Bu il qızıl 1 350 1 400 dollar/unsiyaya qədər bahalaşa bilər - ANALİTİKA

Ötən həftə dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1 300 ABŞ dollarını cüzi üstələyərək son 6 ayın rekordunu yenilədi. Sonradan isə qiymət yenidən azalaraq əvvəki kimi 1 285 dollar civarında sabitləşdi.

"Finans.az" “Report”un analitik qrupuna istinadən bildiri ki, qiymətli metalın müvəqqəti olaraq kəskin bahalaşması ABŞ-da sənaye məhsullarının istehsalına dair açıqlanmış göstəricilərin zəif olması ilə bağlıdır.

Bu amil ABŞ iqtisadiyyatına, o cümlədən dollara inamı müəyyən qədər azaldıb və qiyməti dolların məzənnəsinə sıx bağlı olan qızılın dəyər qazanması ilə nəticələnib. Amma sonradan ABŞ rəsmilərinin ölkədəki iş yerlərinin və əmək haqlarının dinamikası ilə bağlı verdiyi müsbət açıqlamalar fonunda milli valyutanın məzənnəsi yenidən güclənib və qızılın təxminən 15 dollar ucuzlaşmasına səbəb olub.

Bununla belə, qızıl bahalaşdıran digər amillər də var ki, onların təsiri ilə qiymət artımı prosesi təxminən 1 aydır ki, davam edir. Bunlar Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi (“Brexit”) ilə bağlı yaranmış qeyri-müəyyən vəziyyət, ABŞ-Çin ticarət müharibəsinin davam etməsi, qlobal iqtisadi artımın zəifləyəcəyi ehtimalıdır ki, ümumilikdə investorlarda narahatlıq yaradıb və onları daha təhlükəsiz investisiya aləti olan qızıla yönəldib.

“Report”un analitik qrupu hesab edir ki, qızılın qiyməti 1 300 dollardan geri qayıtsa da, ümumi tendensiya bahalaşma istiqamətindədir. Yaxın 3 ay ərzində ABŞ-ın müsbət iqtisadi göstəriciləri hesabına qiymətli metal 1 200 – 1 250 dollara qədər ucuzlaşa, sonradan sentyabara qədər isə 1 350 – 1400 dollara qədər bahalaşa bilər.