Azərbaycanın sənaye məhəllələrində 15 müəssisə fəaliyyətə başlayacaq - RƏSMİ

  • 4 İyun, 2019 10:13
Azərbaycanın sənaye məhəllələrində 15 müəssisə fəaliyyətə başlayacaq - RƏSMİ

Bakıda "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" mövzusunda tədbir keçirilir.

“Finans.az” xəbər verir ki, tədbiri giriş sözü ilə İqtisadiyyat naziri Şahin Mustafayev açıb.

O, çıxışında dövlətin sahibkarlığın inkişafına dəstəyini vurğulayıb.

“Dövlət sahibkarın yanındadır”, - nazir qeyd edib.

Xatırladaq ki, bu il Azərbaycanda ilk dəfə aprelin 25-də “Sahibkarlıq Günü” qeyd olunub. Bununla bağlı Prezident İlham Əliyev aprelin 21-də sərəncam imzalayıb.

Ş.Mustafayev onu da bildirib ki, Azərbaycanda sahibkarların inkişafı, bu sahədə idarəçiliyin müasir tələblərə uyğunlaşdırılması üçün rəhbərlik etdiyi qurumun nəzdində Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) yaradılıb, biznes fəaliyyəti üçün lisenziyaların sayı azaldılıb, bu günə qədər yeni qaydalarda 1 000-ə yaxın lisenziya verilib.

"Azərbaycanın sənaye məhəllələrində qeydiyyatdan keçmiş 36 iştirakçının hesabına ümumilikdə 140 milyon manata yaxın investisiya yatırılması, 2 minə qədər yeni iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sənaye məhəllələrində 21 müəssisə istehsal fəaliyyətinə başlayıb, bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq", - deyə o, qeyd edib.


Mənbə: report.az