Bu il Azərbaycanın magistral neft kəmərləri ilə 35,5 milyon ton neft nəql edilib

  • 19 Dekabr, 2019 11:44
Bu il Azərbaycanın magistral neft kəmərləri ilə 35,5 milyon ton neft nəql edilib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 35 488 min ton neft nəql edilib.

“Finans.az” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 6,7% azdır.

Nəqletmənin 80,4%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. 11 ayda bu kəmər vasitəsilə 28537,7 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 8% azdır.

Dövr ərzində BTC kəməri ilə 4 141,2 min ton tranzit nefti də nəql edilib. Bu da ötən ilin 11 aylıq göstəriciləri ilə müqayisədə 30,8% azdır.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 milyon ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.


Mənbə: report.az