Bu bankın kapitalı yenidən 50 milyondan aşağı düşdü

  • 17 Oktyabr, 2019 16:23
Bu bankın kapitalı yenidən 50 milyondan aşağı düşdü

"AGBank" ASC 30 sentabr 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin üçüncü rübü üzrə cəmi aktivləri 448 mln. 421 min manat olub. Bu isə ötən ilin sentyabr göstəriciləri ilə müqayisədə 14,1% azdır.

"AGBank"ın müştərilərə verilmiş xalis kreditləri 1 il ərzində 20,8% azalaraq 193 mln. 922 min manat təşkil edib.

"AGBank"ın cəmi öhdəlikləri 1 il ərzində 17% azalaraq 398 mln. 620 min manat olub. 2019-cu ilin 30 sentyabr tarixinə bankın depozit portfeli 211 mln. 874 min manat təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 14,1% azdır.

BANKIN CƏMİ KAPİTALI YENİDƏN 50 NLN. MANATDAN AŞAĞI DÜŞDÜ.

"AGBank"ın cəmi kapitalı illik müqayisədə 18,5% artaraq cari ilin sentyabr tarixinə 49 mln. 801 min manata çatıb. Qeyd edək ki, bankın cəmi kapitalı 2019-cu ilin ikinci rübündə 51 mln. 252 min manat təşkil edirdi ki, bu da bankın cəmi kapitalının yenidən 50 mln. manat həddindən aşağı düşdüyünü göstərir.

ZƏRƏRDƏDİR.

2019-cu ilin yanvar-sentyabr aylarında "AGBank"ın əməliyyat zərəri 6 mln. 261 min manat olub. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 4 mln. 420 min manat azaldıb və gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən irəli gələn xərcləri 442 min manat olub. Beləliklə, bank 2019-cu ilin ilk 9 ayını 2 mln. 283 min manat xalis zərərlə başa vurub.